“Azneft” profilaktik tədbirləri gücləndirib

“Azneft” profilaktik tədbirləri gücləndirib
  19 Mart 2020    Oxunub:1454
Bu gün dünyada yayılan koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah mütəmadi olaraq müzakirələr aparır, ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün mühüm qərarlar qəbul edir və ictimaiyyətə çatdırır.
Azvision.az -ın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ən böyük struktur vahidi olan “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında (İB), həmçinin idarələrdə, dəniz obyektlərində koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Bununla bağlı profilaktik işlər həyata keçirilir, maarifləndirmə aparılır.

SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrinin bəndlərindən irəli gələn tapşırıqların yerinə yetirilməsi təmin edilir. İnzibati binaların girişlərində dezinfeksiya tədbirlərinin görülməsi üçün xüsusi vasitələr quraşdırılır, işçilər xüsusi yoxlamadan keçirilir.

İşçilərin bir yerdə toplanmasının qarşısının alınması məqsədilə iclaslar, müşavirələr məhdudlaşdırılıb. İşçilər və onlarla birgə yaşayan ailə üzvlərində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi koronavirus xəstəliyinə oxşar olan hallar olduqda, onların sosial izoliyasiyası təmin edilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlarda Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimi tətbiq ediləcək. Bu strukturlar sırasında SOCAR da var. Bununla əlaqədar olaraq SOCAR prezidentinin müvafiq əmrinə əsasən, “Azneft” İstehsalat Birliyində əvvəlcədən tərtib edilmiş qrafik əsasında işçilərin qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb ediləcəklər.

“Azneft” bir daha qeyd edir ki, “Azneft”də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir.

Azvision.az




Teqlər: Azneft  





Xəbər lenti