AŞPA prezidenti yeni spikerə məktub göndərdi

AŞPA prezidenti yeni spikerə məktub göndərdi
  12 Mart 2020    Oxunub:1605
Deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibətilə parlamentin ünvanına təbriklər daxil olmaqdadır.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems martın 11-də Sədrə təbrik məktubu göndərib.

AŞPA-nın prezidenti məktubunda S.Qafarovanın Milli Məclisin Sədri seçilməsinin onu qəlbən sevindirdiyini və bu münasibətlə Avropa Şurası Parlament Assambleyası adından ürəkdən təbrik etdiyini yazıb.

Məktubda deyilir: “Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib. Əminəm ki, Sizin bilik, təcrübə və peşəkarlığınız yeni və məsuliyyətli fəaliyyətinizdə faydalı olacaqdır. Siz bizim Assambleyanın həmişə ən fəal üzvlərindən biri olmusunuz. Xüsusilə, miqrasiya və gender bərabərliyi ilə əlaqəli məsələlərdə fəal iştirakınız hamı tərəfindən yüksək qiymətləndirilib. Əminəm ki, Sizin Sədr seçilməyiniz Milli Məclislə Parlament Assambleyası arasında əlaqələrin daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək”.

Özünün də bir müddət əvvəl AŞPA-nın prezidenti seçildiyini xatırladan Rik Daems qeyd edir ki, səlahiyyəti müddətində Parlament Assambleyası ilə milli parlamentlər arasında münasibətləri yeni səviyyəyə qaldırmaq, quruma üzv ölkələrlə daha fəal əməkdaşlıq etmək üçün yorulmadan çalışacaq.

Məktubda deyilir: “Bu missiyanı həyata keçirmək üçün quruma üzv 47 dövlətin və onların milli parlamentlərinin dəstəyinə ehtiyacım olacaq. Məhz bu səbəbdən Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Sizinlə səmimi əməkdaşlığımıza inanıram. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”.

Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti