“Əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram” - Baş Nazir
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə deyib.
Əli Əsədov vurğulayıb ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir.
Həmçinin qeyd olunub ki, bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Bundan əlavə, Baş Nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirib: “Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır”.
Azvision.az
Teqlər: Baş-Nazir Əli-Əsədov