Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirilib

  05 Mart 2020    Oxunub : 1149
Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirilib
"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim toplantısı keçirilib.
Azvision.az -ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, zabitlərin nəzəri biliklərinin və bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən toplantıda gecə şəraitində sürücülük və atəş tapşırıqları yerinə yetirilib.

Müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, informasiya təhlükəsizliyindən “Qoşunlarda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı əlaqə və çəkilişlərin təşkili”, eləcə də digər mövzularda mühazirələr oxunub.

Toplantının planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Simulyasiya Mərkəzində ikitərəfli kompüter dəstəkli tabor taktiki təlimi keçirilib. Təlimdə müdafiə və hücum əməliyyatları qərargahlar tərəfindən planlaşdırılıb və qəbul edilmiş qərarlar kompüterlər üzərində icra edilib.

Toplantıya cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar götürülüb.

3 günlük təlim toplantısı Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbiri ilə başa çatıb. Toplantıya yekun vurulan zaman zabitlərin ixtisas hazırlığı və tabelikdə olanları idarəetmə bacarıqları yüksək qiymətləndirilib.

Yekun tədbirində çıxış edən Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev bildirib ki, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması məqsədi ilə məşğələ və təlimlər keçirilir.

General-leytenant K. Mustafayev bundan sonra da komandir hazırlığı üzrə təlim toplantılarının keçirilməsinin diqqət mərkəzində saxlanılacağını bildirərək tədbirə yekun vurub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Naxçıvan