Hakimliyə namizədlərin tədrisi davam edir

Hakimliyə namizədlərin tədrisi davam edir
  05 Mart 2020    Oxunub:1543
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, hazırda imtahanlarda uğur qazanmış 44 nəfər namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında tədris kursu keçirlər. Kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə Avropa Məhkəməsinin Azərbaycan üzrə hakimi Lətif Hüseynov namizədlər qarşısında “Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi məsələləri” mövzusunda mühazirə ilə çıxış edib, onlara Konvensiyanın tətbiqi ilə bağlı tövsiyələr verib.

Mühazirə zamanı Avropa Məhkəməsinin bir sıra qərarları ilə bağlı müzakirələr aparılıb, maraq doğuran suallar ətraflı cavablandırılıb.

Tədris kursu çərçivəsində, həmçinin namizədlər üçün “Əqli mülkiyyət hüquqlarının qorunması və hüquqi təminatı” mövzusunda seminar keçirilib.

Ədliyyə Akademiyası və Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən seminarın açılışında akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov və agentliyin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, habelə əqli mülkiyyət sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, tədbirin əhəmiyyətini qeyd ediblər.

Seminarda iştirak edən agentliyin aidiyyəti məsul şəxsləri tərəfindən mövzu ilə bağlı təqdimatlarla çıxışlar edilib, maraqlı diskussiyalar aparılıb.

Azvision.az




Teqlər: Hakim  





Xəbər lenti