Qarabağ icmasından Çavuşoğlunun həmsədrlərlə görüşünə münasibət
"Mən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və həmsədrlərlə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccüblü bir şey yoxdur. Digər tərəfdən, Türkiyə istər beynəlxalq səviyyədə, istərsə regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münaqişələrin həllində maraqlıdır.
Ermənistan siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş əslində onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və işğalçı siyasətinin davam etdirilməsinə çalışmalarını göstərir.
Təcavüzkar Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın işğalına son qoyulması və regionda sülhə nail olunmasına qarşı yönəlib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində birgə yaşayışına yeganə maneə Ermənistan qoşunlarının bizim ərazilərimizdə mövcudluğudur. İşğalçı qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı əhali öz torpaqlarına qayıtdıqdan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq".
Azvision.az
Teqlər: ATƏT