KOBİA Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək

KOBİA Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək
  03 Mart 2020    Oxunub:1843
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxış imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vəkillər Kollegiyası birgə əməkdaşlıq edəcək.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, martın 3-də agentliyin və Vəkillər Kollegiyasının təşkilatçılığı, sahibkarların, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və vəkillərin iştirakı ilə təşkil olunmuş “Biznesin əlçatan və peşəkar hüquqi yardıma çıxış imkanları” mövzusunda konfransda sahibkarların effektiv hüquqi müdafiəsinin həyata keçirilməsi üçün peşəkar vəkillərlə təmin edilməsi və müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, sahibkarların problemlərinin çevik həlli ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.



Konfransda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, sahibkarların maraqlarının qorunması və problemlərinin həlli agentliyin başlıca fəaliyyət istiqamətlərindəndir və bu, qurumun digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir edir. Qeyd edilib ki, hazırda Xaçmazda fəaliyyət göstərən, eləcə də Bakı şəhərində və digər rayonlarda yaradılacaq KOB evlərində sahibkarların bir məkanda hüquq xidmətlərindən yararlanmasını təmin etmək məqsədilə vəkil bürolarının və vəkil kabinetlərinin yaradılması mümkündür. Bundan başqa, Vəkillər Kollegiyasının dəstəyi ilə sahibkarlar müxtəlif tədbirlər vasitəsilə maarifləndirilə, peşəkar hüquqi yardıma əlçatanlığın təmin edilməsi üçün ixtisaslaşmış vəkillər haqqında məlumat bazası yaradıla və elektron informasiya sistemləri vasitəsilə belə məlumatlar təşviq oluna bilər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkilliyin inkişafı, bu sahədə görülən işlər, mediasiya institutu barədə məlumat verib, son zamanlar həyata keçirilən tədbirlər nəticəsində vəkillərin sayının 2 dəfə artdığını, hazırda 90-dan çox vəkil qurumlarının fəaliyyət göstərdiyini, bu qurumların bütün ölkə regionlarını əhatə etdiyini qeyd edib.

Konfrans çərçivəsində sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxışını təmin etmək məqsədilə KOBİA və Vəkillər Kollegiyası arasında razılaşma sənədi imzalanıb. Sənədi KOBİA-nın idarə eyətinin sədri O.Məmmədov və Vəkillər Kollegiyasının sədri A.Bağırov imzalayıblar.

Tədbirdə sahibkarların, dövlət qurumlarının və vəkillərin peşəkar hüququ xidmətlərə dair fikirləri və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Azvision.az


Teqlər: KOBİA   Vəkillər-Kollegiyası  





Xəbər lenti