“İrəvan üçün RLS-in tədarükü başağrısı gətirə bilər” - Hərbi ekspert

  “İrəvan üçün RLS-in tədarükü başağrısı gətirə bilər” -    Hərbi ekspert
  03 Mart 2020    Oxunub:3895
“Baza prototipi ilk dəfə “Aero India 2003” sərgisində, hazır versiyası isə 2007-ci ildə Hindistanın Respublika Günü Paradında nümayiş olunan RLS-in qoşun sınaqları 2005-ci ildə başlayıb. 12 il davam edən üzücü qoşun sınaqlarında davamlı olaraq aşkar edilən çatışmazlıqların aradan qaldırılması yalnız 2017-cildə başa çatıb və həmin ildə “Swathi” RLS-i silahlanmaya qəbul edilib”.
Azvision.az xəbər verir ki, bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev Ermənistanın Hindistandan radarlar almasını şərh edərkən deyib.

Qeyd edək ki, Hindistan ordusunun hazırda 50 ədədlik bu tip radar ehtiyacının hələlik yarısından bir az çoxu qarşılanıb. Bəzi mənbələrdə bu rəqəm 28, bəzilərində isə 30 olaraq göstərilib. Dağlıq ərazilərdə radarın effektivliyinin kifayət qədər zəif olduğuna dair KİV-lərdə bəzi qeyri-rəsmi məlumatlar mövcuddur.

“Radarın Hindistanın hərbi müəssisələrində istehsal edilməyən bir çox komponentləri mülki müəssisələrdən əldə edilir, bu isə onların elan edilən standartlara uyğun olmasına dair şübhələrə yol açır. Passiv anten barmaqlığına malik RLS-ın AFAR tipli aktiv antenlə təchizatı hələ də müsbət nəticələrə səbəb olmayıb. Bütün bu çatışmazlıqlar isə “Swathi” WLR radarının ixrac potensialını əldə etməyə imkan tapmadan, əvvəlki nəslin nümayəndəsinə çevrilməsi ilə nəticələnib”, - deyə Ədalət Verdiyev qeyd edib.

O bildirib ki, Ermənistanın 4 ədəd “Swathi” RLS-i əldə etmək niyyəti, ən yaxşı halda yalnız bir ədəd RLS batareyası formalaşdırmasına şərait yaradacaq.

“Bu isə yüz kilometrlərlə uzanan cəbhə xətti boyunca, xüsusilə kütləvi artilleriya zərbələri zamanı, həm də dağlarda rəqib atəş vasitələrinin koordinatlarının aşkarlanmasında ciddi bir effekt verməyəcək. Hesab edirəm ki, bunu Ermənistan ordusunda anlayanlar az deyil.

Maraqlı detallardan biri də əvvəl qeyd etdiyimiz kimi, Hindistan istehsalı bu radarlara Ermənistandan başqa heç kimin maraq göstərməməsindən ibarətdir. Hər bir ordu üçün zəruri olan texnikaya dünyanın 196 ölkəsinin nəinki sülh, hətta müharibə şəraitində olan 42 ordusundan Ermənistan ordusu xaric, heç birinin maraq göstərməməsi doğrudan da düşündürücüdür. Təbii ki Hindistan heç vaxt texnologiya səviyyəsinə görə fərqlənmədiyindən bu normal hal kimi qəbul oluna bilər.

İndiyə qədər Hindistan Rusiya silahlarını istehsal texnologiyası ilə birgə kifayət qədər yüksək qiymətə əldə edərək ölkədə yerli və ya milli hərbi sənaye görüntüsü ilə potensialının artdığını nümayiş etdirməyə çalışıb. Son dövrlərdə isə Rusiya ilə yaranan gərginlik rəsmi Dehlini İsrail və ABŞ tərəfə meyilləndirib. Daim Ermənistanı kreditlər hesabına daxili qiymətə hərbi avadanlıqlarla təchiz edən Rusiyanın da Ermənistanın bu addımına müsbət yanaşacağını iddia etmək çətin olardı”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Hindistan RLS-lərin hər bir dəstini İrəvana 2 milyon dollar daha baha qiymətə satıb.

“Qiymət məsləsi daxili işləri olsa da, son günlərə qədər Rusiyanın zəifləməkdə olan hərbi potensialından yararlanan ölkələrin birlikdə Kremlin orbitindən uzaqlaşması, Moskva tərəfindən birmənalı qarşılanmayacaq. Çünki Ermənistanın maliyyə sıxıntısı çəkdiyində Rusiyadan həm onun ayırdığı uzunmüddətli kreditlər hesabına, həm də daxili qiymətlərlə ucuz qiymətə sonuncu silahları əldə etməsindən heç bir il də keçməyib. Bu kontekstdə İrəvan üçün bu RLS-in tədarükü müəyyən başağrısı da gətirə bilər. Hindistanın isə Ermənistandan fərqli olaraq, Rusiyadan miqyasına və alıcılıq potensialına görə, bəzi güzəştlər əldə edəcəyi mümkündür”, - deyə hərbi ekspert Ədalət Verdiyev sözlərini yekunlaşdırıb.

Azvision.az


Teqlər: İrəvan   Hindistan   RLS  





Xəbər lenti