Kürdəmirdə də vətəndaşların işi ASANlaşdı - FOTOREPORTAJ

 Kürdəmirdə də vətəndaşların işi ASANlaşdı -  FOTOREPORTAJ
  02 Mart 2020    Oxunub:2724
Martın 1-dən Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Azvision.az xəbər verir ki, ​Kürdəmir “ASAN Həyat” kompleksində Kürdəmir “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub.
Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.



Məlumat üçün bildirək ki, Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb, 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə “ASAN Həyat” kompleksinin inzibati binası (3 mərtəbə, kürsülü tikinti sahəsi - 1763,02 m², ümumi sahəsi – 3705,01 m²), uşaq meydançası, fontan və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik demontaj olunan yay kafesi, 12 yerlik kinoteatr və 191 yerlik restoran, ABAD Food Hall yaradılıb. ​Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən müasir alman texnologiyasından istifadə edilib. ​Kürdəmir “ASAN Həyat” kompleksində videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati və kinoteatr binalarının hər birində 1 lift, yanğın söndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb. “ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə 100 avtomobil üçün parklama yeri yaradılıb.



Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park, uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr, kafe) nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.



Qeyd edək ki, ​Kürdəmir “ASAN Həyat” kompleksi Kürdəmir rayonunun Atakişili kəndinin cənub şərq hissəsində inşa edilib. Mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulub. Kürdəmir regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320 xidmət həyata keçiriləcək.​



Bundan əlavə, Kürdəmir regional “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Həmçinin, ​Kürdəmir “ASAN Həyat” kompleksinin tərkibində sayca 4-cü “ABAD Food Hall”un fəaliyyətə başlaması nəzərdə tutulub. ​Digər ABAD Food Hallarda olduğu kimi burada da ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil ediləcəkdir.
















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Kürdəmir   ASANxidmət  





Xəbər lenti