Taclı virus, yaxud, “kitayski” ajiotajın sirri - REAL FAKTLAR

 Taclı virus, yaxud, “kitayski” ajiotajın sirri -  REAL FAKTLAR
  28 Fevral 2020    Oxunub:30063
“2019-nCoV” adı verilən yeni növ koronavirus bu gün dünyanın ən aktual problemlərindən birinə çevrilib. Əvvəlcə Çində aşkar edilən epidemiya hazırda bir çox ölkələrdə yayılmaqdadır.
Bu səbəbdən koronavirusla bağlı müzakirələr son günlər xeyli aktuallaşıb, mövzuya dair müxtəlif fikirlər, iddialar səsləndirilir, hətta reallığa uyğun olmayan saxta informasiyalar dövriyyəyə buraxılır. Bütün bunlar bir çox KİV və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj həddinə çatdırılaraq informativ manipulyasiyaya yol açır.

Bəs reallıq necədir, təşvişə əsas varmı?



Rəsmi statistikaya əsasən, bu günə qədər koronavirusa 82 171 yoluxma halı qeydə alınıb. Onlardan 33 129 nəfəri tam sağalaraq xəstəxanalardan evə buraxılıb. Ölənlərin sayı 2804 nəfər olub. Bu xəstəlik daha çox yaşlı və immun sistemi zəif olan insanları öz qurbanına çevirir. Azyaşlılar və gənclər arasında virusun yayılma faizi nisbətən aşağıdır.

"Taclı virus"un ölkələrə görə yayılma arealına baxsaq ilk sırada Çin gəlir. Bu ölkədə virusa yoluxanların sayı 78 497 nəfərdir. Onlardan 32 807-i tam sağalıb. Ölənlərin sayı 2641-ə çatıb. Son günlər Çində ölüm və yoluxma hallarında azalma müşahidə edilir.

Bundan başqa, Cənubi Koreyada virusa yoluxan 1766 nəfərdən 22-si həyatını itirib. İtaliyada isə virusa yoluxmuş 453 nəfərdən 12-sinin öldüyü təsdiqlənib.

Azərbaycanla qonşuluqda yerləşən İrana kimi gəlib çatan koronavirusa bu ölkədə indiyədək 245 nəfər yoluxub, 26 nəfər ölüb. 40-dan çox xəstə virusdan xilas ola bilib.



Koronavirus dünyada yayılmış ilk epidemiya deyil, son da olmayacaq. Bu günə qədər müxtəlif adlarla yayılmış virusların qurbanları “2019-nCoV”u üstələyir. Hətta rəsmi statistikalar göstərir ki, Çində peyda olan xəstəlikdən ölüm halları dünya əhalisinin sayı ilə müqayisədə təşvişə səbəb olacaq həddə çatmayıb. Ölüm səviyyəsi cəmi 3 faiz təşkil edir.

Məsələn, kiçik bir araşdırma aparaq. 18 il (2002-2003) əvvəl dünyanı qorxuya salan SARS virusuna yoluxma halı 8098 olub, ölüm yoluxanların 10 faiz nisbətində qeydə alınıb.

2012-ci ildən bəri HERS virusuna 2494 yoluxma halı aşkarlanıb. Virus daşıyıcılarının 34 faizi dünyasını dəyişib.

2014-2016-ci illərdə EBOLA virusuna 28616 nəfər yoluxub. Bu virusdan ölüm faktı yoluxanların 40 faizini əhatə edib.

Digər ölümcül virus Zika - ağcaqanad sancması ilə yayılan xəstəlik 2015-ci ildə ən yüksək həddə çatıb və 2016-cı ilin sonuna kimi 175063 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. 500 mindən artıq insanın Zika virusuna yoluxduğu müəyyən edilib. 2439 yeni doğulan körpədə Zika virusuna bağlı anadangəlmə qüsur aşkarlanıb.

2009-cu ildə H1N1 qrip virusuna yoluxma ehtimalının milyonlarla olacağı gözlənilsə də, cəmi 18.500 yoluxma halı təsdiqənib. 284 mindən çox insan həyatını itirib.

Bundan başqa, dünyadakı mövsümi qrip epidemiyalarından hər il 250-500 min arasında insan ölür. Onların əksəriyyəti 2 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlardır.

Başqa bir statistikaya diqqət yetirək: dünyada hər il avtomobil qəzalarında 1 milyon 350 min insan dünyasını dəyişir. Hansı ki, avtomobil qəzalarının səbəb olduğu faciələr yuxarıda qeyd etdiyimiz xəstəlikdən daha çox insan ölümü ilə nəticələnir.



Göründüyü kimi, koronavirus adı ilə sürətlə dövriyyəyə buraxılan informativ virus birbaşa insanların psixologiyasına təsir edir, onları ciddi şəkildə ajiotaja sürükləyir. Nəticədə milyonlarla insan qorxu və təlaşa düşür, fərqində olmadan əvvəlcədən virusdan qorunmağın yolları kimi təqdim edilən məhsulların kütləvi istehlakçısına çevrilir. Bundan qazanclı çıxan isə dərman istehsalçıları, dəqiq desək, "dərman mafiyaları" olur.

Təbii ki, virus varsa, ondan qorunmağın yolları da var. Gündəlik gigiyena qaydalarına riayət etməklə (Ətraflı məlumat LİNK də) özümüzü infeksiyadan qorumalıyıq. Ehtiyac olarsa, dərhal həkimə müraciət etməliyik.



Dövlət səviyyəsində də koronavirusun Azərbaycanda yayılmaması üçün lazımı addımlar atılır, qabaqlayıcı tədbirlər görülür. Bütün dövlət qurumları bu istiqamətdə səfərbər olub, gücləndirilmiş rejimdə çalışırlar. Bu günədək ölkəmizdə təhlükəli hal yaşanmayıb, proses aidiyyatı qurumlar tərəfindən daim diqqətdə saxlanılır.

İndiki məqamda bizim üzərimizə düşən başlıca vəzifə maksimum təmkinli olmaq, hadisələrə soyuqqanlı yanaşmaqdır. Unutmamalıyıq ki, saxta məlumatlara aldanmayıb, bu cür təxribatçı addımların qarşısını almaqla, həm özümüzü, həm də yaxınlarımızı süni ajiotajın qurbanına çevrilməkdən qorumuş olarıq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti