Ramiz Həsənov Cenevrədə işçi səfərdədir

  26 Fevral 2020    Oxunub : 1252
Ramiz Həsənov Cenevrədə işçi səfərdədir
Fevralın 24-də işinə başlamış BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentdə iştirak etmək məqsədilə Cenevrədə işçi səfərdə olan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov sözügedən seqmentin açılışında iştirak edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, açılış mərasimində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-Bande, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Başele və İsveçrənin xarici işlər naziri İgnasio Kassis tərəfindən nitqlər səsləndirilib.

Üç gün davam edəcək yüksək səviyyəli seqmentdə ümumilikdə 100-dən artıq ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri iştirak edəcək.

Cenevrəyə səfəri çərçivəsində fevralın 24-də xarici işlər nazirinin müavini R.Həsənov həmçinin Andorranın xarici işlər naziri Mariya Ubax ilə görüş keçirib. Görüşdə tərəflər iki dövlət arasında hazırki əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edib və bütün sahələr, xüsusilə də iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Həmin gün xarici işlər nazirinin müavini R.Həsənovun Cənubi Afrika Respublikasının xarici əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə də görüşü baş tutub. Görüşdə iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. CAR Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq xüsusunda ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib və bu ölkə tərəfindən Azərbaycan sədrliyinə daim dəstək göstəriləcəyini vurğulayıb.

Azvision.az

Teqlər: XİN