Səudiyyə Ərəbistanı Azərbaycana qurbanlıq ət göndərdi

  23 Fevral 2020    Oxunub : 3312
 Səudiyyə Ərəbistanı Azərbaycana qurbanlıq ət göndərdi
Səudiyyə Ərəbistanı Krallığı hər il olduğu kimi, bu il də "Qurban əti istifadəsi” layihəsi çərçivəsində Azərbaycana qurban ətindən ibarət yardım göndərib.
Azvision.az xəbər verir ki, həcc mövsümündə qurban kəsilmiş 5 min xırdabuynuzlu heyvan cəmdəyindən ibarət olan yardım 60 ton həcmindədir.

İslam İnkişaf Bankının xətti ilə çatdırılan yardım Biləsuvar, CəbrayılBeyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərə paylanılması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.

Bununla əlaqədar olaraq Biləsuvar rayonunda tədbir keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təchizat-istehsalat idarəsinin rəisi Nizami Allahverdiyev bildirib ki, Azərbaycana göndərilən qurbanlıq ət yardımı yüzlərlə ailəyə paylanacaq. Yardım Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulub.



Xatırladaq ki, ən çox cəbrayıllı məcburi köçkün məhz Biləsuvarda məskunlaşıb. Burada məcburi köçkünlərin yaşadığı 11 qəsəbə mövcuddur ki, onlarda toplam 4456 ailə yaşayır. 150 qutu və ya tonyarım ət isə Çocuq Mərcanlı qəsəbəsinin sakinlərinə göndəriləcək. Hər ailəyə 9 kq-a yaxın ət payı düşəcək.

Mərasimdən əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr arasında görüş keçirilib. Səudiyyə Krallığının ölkəmizdəki səfiri növbəti belə bir xoşməramlı humanitar yardımı təqdim etməkdən məmnun olduqlarını deyib. Diplomat bildirib ki, Krallıq hər zaman çətinlik çəkən müsəlman ölkələrinə və xalqlarına təmənnasız kömək edir və bu missiyanı gələcəkdə də davam etdirəcək.

“Bilirik ki bir çox müsəlman torpaqları zəbt olunub və əlbəttə ki, onlar gec-tez azad ediləcək. Bu gün İslam dünyasının əsas problemlərindən olan Fələstin və Qarabağ münaqişələrinin həll olunması bizim üçün çox böyük əhəmiyyət daşıyır. Amma hər zaman bu problemlərdən söz açanda, təəssüf hissi keçiririk. Çox istərdik ərazilər azad olunsun və biz bu yerlər haqda xoş əhvalla danışaq” - deyən Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr əlavə edib ki, ölkəsi hər zaman Azərbaycanı özünə dost bilib.

Səfir, həmçinin deyib ki, Ər-Riyad hökuməti Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyb. İstər BMT, istər Ərəb Liqası, istərsə də İƏT (İslam Əməkdaşlıq Təşkilatı) müstəvisində keçirilən iclaslarda Səudiyyə Krallığı Azərbaycanın ərazi bütövlüyünün qorunmasını əsas tələb kimi səsləndirib.

“Necə ki, Qüdsün azad olunmasını, şəhərin şərq hissəsinin müstəqil Fələstin dövlətinin paytaxtı olmasını və 1967-ci il sərhədlərinin tanınmasını istəyirik, Qarabağ üçün də ədalətli yekun qərarın verilməsini arzulayırıq. Biz hər dəfə Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və bu torpaqların mütləq işğaldan azad olunmasının vacibliyini qeyd edirik” .



Səfir Səudiyyə Krallığı ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söz açıb. Deyib ki, bu gün iki ölkə arasında hərtərəfli münasibətlər ən yüksək səviyyədədir. Özü də sevindirici haldır ki, əlaqələr həm rəsmi hökumətlər, həm də sadə xalqlar səviyyəsində qırılmaz tellərlə bağlıdır. Bunun başlıca səbəblərindən birinin isə, əlaqələrin hər zaman dövlət rəhbərlərinin diqqətində olmasıdır.

Səudiyyə Ərəbistanı kralı və vəliəhd şahzadə Azərbaycanla münasibətləri yüksək dəyərləndirir. Azərbaycan tərəfindən də, vaxtilə prezident Heydər Əliyevin möhkəm əsaslar üzərində qurduğu əlaqələri bu gün prezident İlham Əliyev böyük diqqətlə davam etdirməkdədir. Hesab edirəm ki, bu gün Səudiyyə Krallığı ilə Azərbaycan arasında iqrtisadi-ticarət, turizm və sair əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimiz arasında ötən il bir sıra sazişlər bağlanıb. Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı şirkəti arasında 200 milyon dollar həcmində müqavilə bağlayıb. Krallığın ən böyük və ən köklü neft şirkəti olan ARAMCO Azərbaycanda rəsmi ofisini açıb. Sevindirici haldır ki, bu gün Səudiyyə Ərəbistanı şəhərləri ilə Bakı srasında birbaşa və çarter aviareyslər təşkil olunur. 2019-cu ilin statistikasına əsasən, Səudiyyə Krallığından Azərbaycana 108 min turist gəlib. Bu da əvvəlki illə müqayisədə təxminən 2 dəfəyə yaxın çoxdur".

O, Azərbaycandakı Asiya Universitetində ərəb dili şöbəsinin açılmasından məmnun qaldıqlarını deyərək əlavə edib ki, iki ölkə arasında sıx əlaqələr hər zaman olub və gələcəkdə daha yeni və geniş layihələr icra olunacaq.

Səfir İslam İnkişaf Bankının roluna da diqqət çəkib: "Bu bank dünyanın çox sayda müsəlman ölkəsində vacib layihələr həyata keçirib. Bankın nümayəndələri olduqları ölkələrdə sadə insanların yaşamı ilə də maraqlanır, qayğılarını öyrənir və bu da Səudiyyə kralı tərfindən dəyərləndirilir. Məndəki məlumata görə, İslam İnkişaf Bankı bu il 25 müsəlman ölkəsində ümumilikdə 1 milyon qurbanlıq heyvanın ətini paylayıb. Bilirsiniz, elə ölkələr var ki, orada kasıbçılıq hökm sürür, insanların yaşayış şərtləri çox ağırdır. Ona görə də. Həmin ölkələrə humanitar yardımın çatdırılması vacibdir”, - deyən səfir əlavə edib ki, Azərbaycan kimi artıq problemlərini özü həll edə bilən ölkələrdə qaçqın və məcburi köçkünlərə hökumətləri dəstək versə də, onlar da qardaş yardımı göstərmək üçün burdadırlar.



Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Səudiyyə Krallığının Azərbaycanda icra etdiyi layihələrin müsbət nəticələri onları çox sevindirir. O, münasibətlərimizin həm dövlət, həm də xalqlar səviyyəsində çox gözəl olduğunu təsdiqləyib:

"Eyni coğrafi bölgədə yaşayan xalqlarımızı tarixi, mədəni-məişət bağları, ən əsası isə İslam dini birləşdirir. Azərbaycan xalqı və dövləti olaraq hər zaman Səudiyyə Ərəbistanından hörmət görmüşük, dəstək almışıq. Biz ilk gündən Qarabağ məsələsində Səudiyyə Krallığı tərəfindən dəstəklənmişik".

K.Həsənov sonda göndərilən humanitar yardıma görə səfirə minnətdarlığını bildirib və əlavə edib ki, Cəbrayıl rayon ictimaiyyəti olaraq bu yardımı dost payı kimi qəbul edir.

Görüşdən sonra Səudiyyə Ərəbistanından qurbanlıq yardımı ölkəmizə çatdıran TIR-ların yanında təhvil-təslim prosesi olub. Səfir ərazidə olan məcburi köçkünlərlə görüşdə deyib ki, bu gün müəyyən miqdarda humanitar yardımı çatdırmaq üçün burdadırlar və buna görə çox məmnundurlar. “Dünyanın 25 müsəlman ölkəsində həyata keçirdiyimiz humanitar aksiyanın tərkib hissəsi olaraq, Azərbaycana da, son Həcc mövsümündə hacıların müqəddəs torpaqlarda qurban kəsdiyi 5 min xırdabuynuzlu heyvanın ətini gətirmişik”.

Ardınca qurbanlıq ətlər doldurulmuş qutuların paylanmasına başlanılıb.

Sonda qeyd edək ki, bu cür layihələr Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində yaşayan qaçqın və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir. Krallıq dünyanın ən böyük donor ölkələrindən və beynəlxalq inkişafın əsas tərəfdaşlarından biridir. Belə ki, BMT-nin Maliyyə İzləmə Xidmətinin keçən ay yaydığı hesabata görə, humanitar yardım göstərmək sahəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb ölkələri arasında birinci, dünyada isə beşinci yerdədir.

Krallığın göstərdiyi yardımların məbləği 1,3 milyard dollara yaxın olub ki, bu da dünya üzrə humanitar yardımlara ödənilən ümumi vəsaitlərin 5,5 faizi deməkdir. Ümumiyyətlə, Krallıq dünya üzrə humanitar xidmət sahəsində böyük təcrübəyə və keçmişə malikdir. Məhz buna görədir ki, ona “Humanizm Krallığı” adı verilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SəudiyyəƏrəbistanı