Məhkəmə İsmayıl Vəliyevin həbsinə qərar verdi - YENİLƏNİB

  22 Fevral 2020    Oxunub : 9206
Məhkəmə İsmayıl Vəliyevin həbsinə qərar verdi - YENİLƏNİB
Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, birinci müavin Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
Azvision.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.

Azvision.az xəbər verir ki, hazırda Səbail Rayon Məhkəməsində istintaq orqanının onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azvision.az

Teqlər: Məhkəmə   Neftçala   İsmayıl-Vəliyev