Paşinyan rəhbər şəxsləri təcili Qarabağa göndərir - Nə baş verir?

  21 Fevral 2020    Oxunub : 7408
 Paşinyan rəhbər şəxsləri təcili Qarabağa göndərir - Nə baş verir?
Fevralın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyanla məsləhətləşmələrdən sonra bu ölkənin rəsmi şəxsləri bir-birinin ardınca işğal altında olan Dağlıq Qarabağa gəlirlər.

Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Bildirilib ki, görüşdə ordudakı ölüm halları müzakirə edildikdən sonra Nikol Paşinyan onlara işğal altında olan Dağlıq Qarabağa getməyi və istintaq aparmağı tapşırıb. Bundan sonra Ermənistanın Baş prokuroru Artur Davtyan və hərbi prokuror Vahe Harutyunyan Dağlıq Qarabağa gəliblər. Ermənistanın Müdafiə naziri David Tonoyanın isə sabah Qarabağa gələcəyi qeyd olunub.

Nəşr silahlı qüvvələrdə baş verən istefalara da toxunub. Bildirilib ki, Qarabağdakı qanunsuz "ordunun komandanı" Karen Abrahamyanın məsələsi artıq həll edilib. Rəsmi əmrin olmaması yalnız texniki məsələdir və yaxın günlərdə Təhlükəsizlik Şurasının iclasından sonra məlumatın yayılması planlaşdırılır.

Qeyd olunub ki, yaxın vaxtlarda hərbi komandirlər, kadr işləri üzrə köməkçilər və digər bir neçə şəxs də istefa verəcək. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Tiran Xaçatryanın hədəfdə olduğu bildirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan orduda baş verən son ölümlərlə bağlı müşavirə keçirib. Müşavirədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidməti direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Artak Davtyan və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Erməni   Hərbçi