“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilib

“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilib
  17 Fevral 2020    Oxunub:2064
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə ilk imtahanı keçirilib.
Azvision.az xəbər verir ki, imtahanda 7701 nəfər iştirak edib. Onlardan 46 faizi Bakının, 56 faizi regionların payına düşür.

Saat 11:00-da və 15:00-da olmaqla iki növbədə təşkil edilən imtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla dörd blok üzrə aparılıb. Ümumilikdə 84 sual üçün iki saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunub. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb.

Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər üç blok - mücərrəd düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az


Teqlər: Yüksəliş   Müsabiqə  





Xəbər lenti