“İnanıram ki, atam tezliklə azad olunacaq” - Dilqəm Əsgərovun oğlu
Bunu Azvision.az -a Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, atasının tezliklə azad olunacağına inandığını söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Girov Dilqəm-Əsgərov Şahbaz-Quliyev Kəlbəcər