Balakəndə kəndlərarası yol yenidən qurulur

Balakəndə kəndlərarası yol yenidən qurulur
  17 Fevral 2020    Oxunub:1847
Balakən rayonunda uzunluğu 39,2 kilometr olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci kilometrindən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Hazırda yolboyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.

Layihə çərçivəsində, yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və bir dördbucaqlı su keçidi inşa edilib. Daha sonra yol əsası hazır olan hissələrin asfaltlanması işləri görüləcək.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Azvision.az


Teqlər: Balakən   Yol   Təmir  





Xəbər lenti