“ASAN sadəcə layihə deyil, bu, bizim siyasətimizdir” - İlham Əliyev

  13 Fevral 2020    Oxunub : 4042
“ASAN sadəcə layihə deyil, bu, bizim siyasətimizdir” - İlham Əliyev
Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub.
Azvision.az xəbər verir ki, bunu fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşündə deyib.

- Bu gün “ASAN xidmət” mərkəzinin açılışında sizinlə görüş əsnasında, sadəcə olaraq, bu fikirlərimi bölüşmək istədim. Çünki istəyirəm ki, siz də biləsiniz mənim fikirlərimi, Azərbaycan xalqı da bir daha eşitsin bizim niyyətimiz nədir, siyasətimiz nədir və yolumuz nədir. Bir daha demək istəyirəm ki, “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir ,- deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev çıxışında bildirib: "Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər. Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq".



Dövlət başçısı vurğulayıb ki, indiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır.

"Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir.

Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır. Ancaq bununla bərabər, biz qapalı şəraitdə yaşaya bilmərik. Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri – bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq. Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, - bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin".



Prezident çıxışına əlavə edərək deyib: "Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var. Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşmüşlər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına vermişlər. Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik. Amma tariximizi də yaxşı bilirik. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də birmənalı deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi və bizim qürur mənbəyimizdir. Çünki müsəlman aləmində ilk dəfə məhz Azərbaycan xalqı demokratik respublika yaratmışdır, qəbul edilmiş qanunlar və planlar, onların niyyəti ölkəmizin uğurlu inkişafını şərtləndirə bilərdi. Ancaq o da həqiqətdir ki, iki il ərzində Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. O da həqiqətdir ki, o vaxt xarici ekspedisiya korpusu Bakıda hökmranlıq edirdi, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini tanımırdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri məcbur olub o ekspedisiya korpusunun generalları ilə müzakirələr aparıblar ki, müstəqil siyasət yürüdə bilsinlər. Bu proses də böyük çətinliklərlə baş verirdi.

Ona görə indiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik.

Tale 1991-ci ildə bizə yeni bir şans verdi. Biz bu şansı itirə bilərdik və əslində, itirirdik. Çünki 1990-cı illərin əvvəllərində gedən proseslər ölkəmizi məhvə aparırdı. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan bütün o bəlalardan canını qurtardı və inkişaf yoluna qədəm qoydu, müstəqillik yoluna qədəm qoydu. Bu gün biz bu yolla gedirik və gedəcəyik".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   ASAN-Xİdmət