Karateçilərimizdən Avropa çempionatında rekord nəticə

Karateçilərimizdən Avropa çempionatında rekord nəticə
  09 Fevral 2020    Oxunub:1914
Yeniyetmə və gənclərdən ibarət Azərbaycan seçmə komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən növbəti Avropa çempionatında ötən illərdəki göstəricilərini yeniləyərək, rekord nəticə qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun Azvision.az -a verdiyi məlumata görə, 16-17 yaşlı gənclərin yarışının ikinci günündə Sultan Hüseynov (55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (76 kq, şəxsi məşqçisi Namiq Pirverdiyev) və Osman Osmanlı (76 kiloqramdan yuxarı, şəxsi məşqçisi Rövşən Allahverdiyev) qızıl medal qazanıblar. Ayla Rzazadə (59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş, Əminağa Quliyev (61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl - yarışların birinci günündə 14-15 yaşlı yeniyetmələr arasında Fərid Savadov (57 kq) birinci yeri tutub.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Anar Allahverdiyev yarışın ilk iki günündə əldə edilən nəticələrin digər qitə çempionatlarında əldə edilən göstəricilərdən üstün olduğunu bildirib. Əməkdar məşqçi yarışın son günü – fevralın 9-da 18-21 yaşlı gənclər arasında turnirdə dünya, Avropa çempionları və mükafatçılarımızın da olduğunu nəzərə alaraq, daha yüksək nəticə gözlənildiyini söyləyib.

Hazırda Azərbaycan karateçiləri 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra 2-ci yeri tuturlar (4 qızıl, 1 gümüş və 1 bürünc medal).

Dünya Karate Federasiyasının (WKF) internet səhifəsində günün yekunlarına aid məlumatda Azərbaycan karateçilərinin uğuru qeyd edilib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası idarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

Xatırladaq ki, yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatına 52 ölkədən 1155 idmançı qatılıb.

Azvision.az


Teqlər: Karate  





Xəbər lenti