Azəristiliktəchizatdan Prezidentə hesabat

Azəristiliktəchizatdan Prezidentə hesabat
  24 Dekabr 2013    Oxunub:965
“Azəristiliktəchizat” ASC-nin sədri: 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə artıb.
Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan vermişdir. Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız "Azəristiliktəchizat" ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilib.

AzVision.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Yaşar Həsənov bildirib ki, Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası "Azəristiliktəchizat" ASC tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilib: "Proqramın icrası müddətində yaranan zəruriyyətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulub, 4 yeni qazanxana tikilib, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilib, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilib, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulub".

Onun sözlərinə görə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilib: "Yeni yaradılan Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılıb. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.

Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verib. "Azəristiliktəchizat" ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artıb.

Əlavə olaraq bildirmək istərdim ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılmışdır və hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcəkdir".


Teqlər:  





Xəbər lenti