Azərbaycandakı islahatlar ABŞ radiosunda

Azərbaycandakı islahatlar ABŞ radiosunda
  07 Fevral 2020    Oxunub:2056
ABŞ-ın nüfuzlu və milyonlarla izləyici kütləsinə malik Con Batçelor Şou Radio proqramında Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə edilib. Canlı yayımda Con Batçelor ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, məşhur aparıcı Azərbaycanın sürətli inkişaf nəticəsində keçmiş Sovet İttifaqı respublikasından çiçəklənən, regionun enerji və nəqliyyat layihələrinin mərkəzində olan dövlətə çevrilməsinin şahidi olduğunu bildirib.

Səfir Elin Süleymanov parlament seçkiləri ərəfəsində Azərbaycan əhalisində yüksək enerji və dinamikliyin müşahidə olunduğunu qeyd edib. O, Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində böyük iqtisadi dəyişikliklərin əldə edilməsinə, korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli addımlar atılmasına, eləcə də çoxsaylı kadr islahatlarının aparılmasına diqqət çəkib.

Hökumətdə yeni simalar və parlamentə namizədliyi qeydə alınanlar arasında çoxsaylı gənclərin olmasını vurğulayıb. Səfir bildirib ki, Milli Məclisdə mövcud olan 125 deputat yeri üçün 1300-dən çox namizədin qeydə alınması, bu namizədlərin dinamik və bəzən kifayət qədər gərgin seçkiqabağı kampaniya aparması Azərbaycanda bu gün açıq və plüral cəmiyyətin mövcudluğuna bariz nümunədir.

E.Süleymanov ölkəmizin innovasiyalar sahəsində qabaqcıl addımlar atması, startapların inkişafı və hətta bu sahədə region ölkələri üçün nümunəvi model olmasından bəhs edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında enerji sektoru ilə yanaşı, yüksək texnologiyalar və iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir, bu sahədə gənclərin önə çəkilməsinə xüsusi diqqət ayrılır.

Azərbaycanda hazırda istər dövlət, istərsə də ictimai mətbu orqanlarında açıq müzakirələrin, fikir mübadilələrinin, tənqidi yanaşmaların yer aldığını qeyd edən səfir bildirib ki, bütün bunlar ölkəmizdə açıq mühitin olduğunu bir daha təsdiqləyir və olduqca ruhlandıcı təsir bağışlayır.

Sonda ölkəmizin sürətli inkişafından, insanların rifahının yaxşılaşmasından bəhs edən C.Batçelor Bakının təkcə Azərbaycanın deyil, Xəzər regionunun paytaxtı olmasının qürurverici hal olduğunu bildirib.

Müsahibənin tam versiyası ilə https://podcasts.apple.com/gh/podcast/ internet səhifəsindən tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti