Nüfuzunu itirən AŞPA kimə və nəyə xidmət edir? - ŞƏRH

  06 Fevral 2020    Oxunub : 1597
 Nüfuzunu itirən AŞPA kimə və nəyə xidmət edir? - ŞƏRH
Fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkəmizə qarşı qərəzli mövqe tutan Avropa Şurası Parlament Assambleyası sərt tənqid edib. Prezident bildirib ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, ölkəmiz haqqında saxta məlumatlar yayıb.
“Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini çoxdan itirib: "Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir”.



Azərbaycana qarşı təzyiq alətinə çevrilən "siyası məhbus" məsələsinə gəlincə, Prezident birmənalı şəkildə ölkəmizdə siyasi məhbus probleminin olmadığını diqqətə çatdırıb: “Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun”.



Ölkə rəhbəri AŞPA-nı Avropada baş verən neqativ hallara da diqqət ayırmağa çağırıb. Prezident vurğulayıb ki, Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun.

"Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik”.

Məhz qeyd olunan səbəblərdən təşkilatın nüfuzdan düşüdüyünü və qəbul edilən saxta qətnamələrin mənasız kağız parçalarına çevrildiyini deyən dövlət başçısı əlavə edib ki, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir: "Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”.



Məsələ ilə bağlı Azvision.az -a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, Avropa Şurası uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.

“Biz bunu dəfələrlə verilən müxtəlif bəyanatlar, qətnamələrdə görmüşük. Bu təşkilat təkcə bizə qarşı yox, Türkiyəyə qarşı da eyni mövqedədir. Dövlət başçısı İlham Əliyev ötən gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bir daha bəyan etdi ki, AŞPA artıq nüfuzsuz təşkilata çevrilməkdədir. Görünür, ikili yanaşmalar Avropanın aparıcı ölkələrini bürüyüb. Avropada və digər ölkələrdə baş verən hadisələri sanki Avropa Şurasında görmürlər. Fransada uzun müddət ərzində “sarı jiletlər” küçələrə çıxır və onları vəhşicəsinə döyürlər, həbs edirlər. Hətta onlar arasında xəsarət alanların sayı az deyil. Bundan başqa, Ermənistanda jurnalistləri, siyasətçiləri həbs edirlər, işgəncələr verirlər. Ancaq bunlara göz yumulur. Bu kimi ikili standartları Azərbaycan qəbul edə bilməz. Hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı qərəzli, subyektiv, ədalətsiz mövqedir. Belə mövqe sərgiləmək Avropa Şurasının imicinə zərbədir. Avropa Şurasında fəaliyyət göstərən nümayəndə heyətləri, bir sıra dövlətlərin səlahiyyətli şəxsləri bunu başa düşməlidirlər. Azərbaycana qarşı qərarlar qəbul edərkən gözlərini açıb, öz ölkələrində baş verənlərə baxsınlar”.

Politoloq vurğulayıb ki, Avropa Şurası və ikili standartlarla çıxış edən digər təşkilatlar obyektivlikdən uzaq düşdükləri təqdirdə nüfuzlarını itirməyə məhkumdurlar: “Əgər bu kimi təşkilatlar obyektivlikdən uzaqdırlarsa, qərəzli mövqe sərgiləyirlərsə, deməli, mənasız fəaliyyətlə məşğuldurlar. Kimə lazımdır belə təşkilat? Məsələlərə subyektiv yanaşan, kimlərinsə sifarişi ilə qərarlar qəbul edən təşkilatlar əlbəttə ki, heç kimə lazım deyil. Elə bu səbəbdən qəbul olunan qətnamələr sonda lazımsız kağız parçasına çevrilir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   AŞPA