Əmək miqrasiyasının aktual aspektləri müzakirə edilib

Əmək miqrasiyasının aktual aspektləri müzakirə edilib
  06 Fevral 2020    Oxunub:2033
Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin akt zalında DMX yanında İctimai Şuranın “Əmək miqrasiyası” üzrə işçi qrupunun təşkilatçılığı və “Y-Lex Consulting Company” MMC-nin təşəbbüsü ilə “Əmək miqrasiyası üzrə qanunvericilik sahəsində yeniliklər və bu kontekstdə mövcud aktual məsələlər” mövzusunda ictimai müzakirə keçirilib.
Azvision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov son illər geniş vüsət alan əmək miqrasiyası fenomeninə nəzər salıb, təmsil etdiyi təsisatın ayrı-ayrı işçi qruplarının bu sahədə həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib. DMX yanında İctimai Şuranın “Əmək miqrasiyası” üzrə işçi qrupunun rəhbəri və “Y-Lex Consulting Company” MMC-nin direktoru Kamalə Məmmədova miqrasiya qanunvericiliyi ilə əlaqədar əcnəbilər tərəfindən onlara edilən müraciətlər barədə danışıb və bu sahədə xüsusi aktuallığı ilə səciyyələnən məsələlərə toxunub.

Tədbirdə iştirak edən Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Miqrasiya siyasəti və emiqrasiya idarəsinin baş inspektoru 1-ci dərəcəli miqrasiya xidməti qulluqçusu Emin Allahverdiyev ötən ildə miqrasiya qanunvericiliyi sahəsində baş verən dəyişikliklər barədə məlumat verərək bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi məsələsi daima diqqət mərkəzindədir və bu səbəbdən miqrasiya qanunvericiliyi ilə bağlı istənilən rasional təklif aidiyyəti üzrə nəzərdən keçirilir.

Geniş ictimai müzakirə şəraitində keçən tədbirin iştirakçılarından xarici tələbələr və yerli sahibkarlar praktiki olaraq əcnəbilərin əmək fəaliyyəti, olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşamaq üçün icazələrinin alınması zamanı üzləşdikləri məsələlər barədə danışıblar. İştirakçıların bütün sualları DMX əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti