Komitə sədri ATƏT-ə şikayət etdi
Dövlət Komitəsinin sədri fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində məcburi köçkünlərin fəal iştirak edəcəklərinə ümidvar olduğunu, seçki prosesinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin mümkünsüzlüyünü bildirib. Azərbaycanda demokratik ənənələrin əsasının hələ ötən əsrin əvvəllərində Xalq Cümhuriyyəti dövründə qoyulduğunu, dövlət müstəqilliyinin bərpasından sonra bu ənənələrin daha da inkişaf etdirildiyini vurğulayan Dövlət Komitəsinin sədri özünün də əvvəllər parlament seçkilərində iştirak etdiyini və siyasi mübarizə praktikasından xəbərdar olduğunu diqqətə çatdırıb. Hazırda bir vətəndaş kimi ölkəmizdə mövcud olan demokratik seçki mühitini yüksək qiymətləndirib.
Səfir Piter Teyler səmimi qəbula və hərtərəfli məlumata görə təşəkkürünü bildirib, başçılıq etdiyi uzunmüddəli seçki missiyasının fəaliyyəti barədə söz açıb, qaçqınların və məcburi köçkünlərin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı fikirlərini bildirib. O, Mərkəzi Seçki Komissiyasından aldığı məlumata diqqəti yönəldərək, məcburi köçkünlərin 14 seçki dairəsi üzrə 500-dən artıq seçki məntəqəsində səs verəcəklərini qeyd edib, ATƏT müşahidəçilərinin həmin dairə və məntəqələrdə də öz missiyasını yerinə yetirəcəklərini vurğulayıb.
Dövlət Komitəsinin sədri DTİHB seçki müşahidə missiyasının rəhbərinin və seçki təhlilçisinin suallarını cavablandırıb, onlara öz missiyalarını uğurla başa çatdırmağı arzulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azvision.az
Teqlər: ATƏT