Masallı rayonu 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib

Masallı rayonu 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib
  04 Fevral 2020    Oxunub:5560
Masallı rayonu 40,3 faiz səs toplayaraq, 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Gənclərinin Koordinasiya Şurasının vitse-prezidenti, VI çağırış Milli Məclisə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkilliyinə namizəd Rüfət Əliyev iştirak ediblər.
Ümümi səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib. Builki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi yeddi gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya yüksəlib və sonadək liderlik mövqeyini əldən verməyib. Nəticədə 40,3 faiz səs toplayan Masallı Lənkəran rayonunu (23,4 faiz) geridə qoyaraq “Gənclər Paytaxtı 2020” adına layiq görülüb.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildən “Gənclər Paytaxtı” internet müsabiqəsi uğurla davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” elan edilir. Bu il yanvarın 24-dən start götürmüş müsabiqə yanvarın 30-da başa çatıb.

Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3 milyon 602 min 395 nəfər daxil olub ki, onlardan da 90 min 849 nəfəri bu ilin payına düşür.

Hər il “Gənclər Paytaxtı” müsabiqəsinin qalibi olmuş şəhərin və ya rayonun adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi qaydada açıqlanır və paytaxtın “Rəmzi açarı” şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.


Teqlər: Masallı  





Xəbər lenti