MSK-da İT mütəxəssisləri üçün seminarlar başlayıb - FOTO

MSK-da İT mütəxəssisləri üçün seminarlar başlayıb -  FOTO
  01 Fevral 2020    Oxunub:3787
2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində irimiqyaslı tədbirləri davam edir.
Azvision.az xəbər verir ki, seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Komissiya fevralın 1-dən etibarən növbəti əhəmiyyətli layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlayıb.



Seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.

Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.



Tədbirdə çıxış edən MSK-nın katibi Arifə Muxtarova deyib ki, 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisinə seçkilərlə əlaqədar MSK-nın müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində irimiqyaslı tədbirləri davam edir: “Bu, artıq MSK-nın sonuncu tədbirlərindəndir. Əsas məqsədimiz yeni proqram layihələrini bir daha İT mütəxəsislərimizin diqqətinə çatdırmaqdır. Seçki Məcəlləsinin və MSK müvafiq təlimatına uyğun olaraq, səsvermə günü seçici fəallığı ilə bağlı məlumatların DSK-dan MSK-ya göndərilməsi, eyni zamanda səslərin hesablanmasının ilkin nəticə məlumatlarının DSK-lara və MSK-ya ötürülməsi İT mütəxəsislərinin üzərinə düşür. Ona görə də onların maarifləndirilməsi bizim üçün əsas prioritet məsələlərdəndir”.

Qeyd edək ki, İT mütəxəssislərinin iş təcrübələri, peşəkar vərdişləri və praktiki biliklərinin gücləndirilməsi istiqamətində mühüm rol oynayan seminarlar fevralın 2-də öz işini yekunlaşdıracaq.





Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: MSK   Tədbir  





Xəbər lenti