“Namizəd”in cahil cəsarəti: Daninq-Krüger sindromu - Sənan Nəcəfovun yazısı

  “Namizəd”in cahil cəsarəti: Daninq-Krüger sindromu -    Sənan Nəcəfovun yazısı
  01 Fevral 2020    Oxunub:11336
1996-cı ilin yaz günlərinin birində Cornell Universitetinin sosial-psixologiya üzrə professoru Devid Daninq (David Dunning) televiziyada xəbərləri izlərkən qəribə bir süjetlə rastlaşır. Xəbər 1995-ci ildə ABŞ-ın Pitsburq şəhərində eyni gündə 2 bankı yaran qəribə düşüncəli “biri” haqda idi. 120 kilo çəkisi olan, alçaq boylu Makartur Uehler soyduğu bankların təhlükəsizlik kameralarına günün günorta çağı maskasız tuş gəlmişdi.
Aydın məsələdir ki, belə qəribə düşüncəli insanı həbs etmək polsi üçün uşaq oyuncağıdır. Amma bu məsələdə professorun diqqətini cəlb edən başqa məqam idi. Məsələ bundadır ki, Makartur Ueller oğru olduğunu inkar edirdi, bu öz yerində, hansı oğru özünü günahkar bilir ki, əsas qəribəlik başqadır. İlkin dindirilmədən sonra Ueller özünü təhlükəsizlik kamerasında görəndə sözün əsl mənasında şok yaşamışdı. “A, bu necə ola bilər? Axı mən üzümə limon şirəsi sürtmüşdüm” –deyən məsum oğru deyə təəccüb edir. Bir az aydınlıq gətirək: Xatırlayırsınız məktəb vaxtı mürəkkəb qələmlə yazdıqlarımızı silmək üçün istifadə etdiyimiz limon suyunu? Hə, bax o, limon suyundan söhbət gedir. Bu fağır bəndə oğurluğa getməmişdən öncə üzünə limon suyu sürtərək, uşaq düşüncəsilə özünü inandırıb ki, onun sifəti görünməyəcək. Bunu test etmək üçün, sosial şəbəkədə tez-tez işlənən “indiki uşaqlar bilməzlər” ifadəsi olmasın, Paloroid fotoaparatı ilə limon suyu sürtülmüş simasını çəkib. Taleyin ironiyasıdırmı, bəxtsizlikdirmi bilinmir, çəkdiyi fotolarda uşaqdüşüncəli Uellerin siması ləkəli düşüb. Bu da oğurluğu maskasız, günün günorta çağı etmək üçün əsas, vəssallam.

İndi qayıdaq Professor Daninqə. Professor süjetə baxan kimi yeni elmi araşdırmaya başlamağa qərara gəlir. Əgər Ueller bankları belə səfeh planla soymağı cəhd edəcək səfehdirsə, əslində heç vaxt bir bank soyğunçusu olmayacağını anlamayacaq qədər axmaqdır. Yəni, bacarıqsızlığın hüdudu bacarıqsızlığı dərk etməyə mane olacaq həddə idi. Beləliklə, bu psixologiyada yeni xəttin açılmasının əsasını qoyurdu. Professor yetirməsi Castin Krügerlə bu yöndə araşdırmalara başlayıblar. Tələbələr arasında 2 sınaq aparılıb, nəticələri yazıb, vaxtınızı çox almaq istəmirəm. Nəticədə “Bacarıqsızdı, amma fərqində deyil. Bir insanın bacarıqsızlığının fərqində olmaması çətinlikləri, insanın özü haqqında aşırı yüksək fikirdə olmasına şərait yaradır” məzmunlu ilk məqalə 1999-cu ildə dərc edilib.

Məqalədə aydın edilir ki, insanlar müvəffəqiyyətə və məmnuniyyətə aparacaqlarını güman etdikləri strategiyanı həyata keçirə bilməyəndə ikiqat problem yaşayırlar. Birincisi, çox təhlükəli qərarlara gəlib, olduqca təhlükəli addımlar atırlar. İkincisi isə daha ciddidir, onların qeyri-adekvatlığı onları qeyri-adekvatlığından xəbərdar olmaq gücündən məhrum edir. Buna, yəni bacarıqsızlığın bacarıqsızlığı dərketmə gücünü maskalamasına, örtməsinə psixologiyada Daninq-Krüger effekti və ya Daninq-Krüger sindromu deyilir. Bu haqda internetdə Rusiya, Türkiyə, ingilisdilli digər saytlarda yetərli məlumatlar var. Maraqlananlar baxa bilərlər.

Qısa olaraq onu deyək ki, bu effektə görə, bacarıqsız insanlar nə qədər bacarıqsız olduqlarının fərqində deyillər və elə hesab edirlər ki, dahi, istedad və ağıllıdılar. Başqa bir alim 2010-cu ildə apardığı araşdırmalara əsaslanaraq yazır ki, bu effektə hər yerdə, həyatın bütün sahələrində, siyasi qərar qəbul edənlərdən valideynlərə, peşəkar işçilərdən tutmuş tələbələrə qədər rast gəlmək olar. Məqalədə qeyd olunur: “istər küçədə, istərsə də laboratoriyada insanlar onlar haqqında əslində olmayan şeylərə inanırlar. Və bu inamın səviyyəsi ağzımı açıq buraxır. İnsanların özləri haqqında söylədikləri müsbət şeylərin dərəcəsi deyil, həm də dediklərinə həqiqətən inandıqları ... Bu məni bu müşahidəyə gətirib çıxardı: etinasızsan, yetərsiz olduğunun fərqinə vara bilməzsən”.

Professor Daninq irəli sürdükləri iddianı sübut etmək məqsədilə tələbələrin iştirakı ilə bir sıra eksperimentlər həyata keçirirlər. Bütün bu araşdırmaların nəticəsi olaraq isə aşağı dərəcədə qabiliyyətli və aşağı ixtisaslı tiplərin xarakter nümunələrini ümumiləşdiriblər:

1. Onlar öz bacarıqlarını yüksək qiymətləndirir;
2. Onlar digər insanların həqiqi yüksək qabiliyyətini ədalətli şəkildə qiymətləndirmək bacarığına sahib deyillər.
3. Özlərinin bacarıqsızlıq dərəcələrini dərk etməyə qadir deyillər;
4. Bu növ insanlar öz bacarıqlarını yüksəldə bildikləri halda keçmiş bacarıqsızlığını dərk etmək xüsusiyyətinə sahib olurlar.

Devid Daninq "Özünü dərk etmək" kitabında Dunning-Kruger Effektini "gündəlik həyatın anastomoziyası" adlandırır. Anastomoziya, əsasən insult keçirən insanlarda rast gəlinən, öz xəstəliklərindən xəbərsiz olmalarına və ya bədənlərinin iflic olan hissəsinin iflic olduğuna inmadıqlarına əmin edən sinir xəstəliyidir. Daninq bir misal çəkir: “Siz, bir anosoqnotik iflicli bir xəstənin əlinin qarşısında bir qələm qoyub onu qaldırmaq istəsəniz, “yoruldum” və ya “Mənə qələm lazım deyil” sayaq cavabları alacaqsınız. Əlinin iflic olduğu üçün qələmi ələ ala bilmədiyini dərk etmir. Hətta bəzən görmə məhdudiyyətli insanlar da belə bir əngəlinin olduğunu qəbul edə bilmirlər. Əslində beynin sağ tərəfindəki “zədə” bu xəstəliyə səbəb olur. Buna bənzər bir "hemispatial neglect" (təxmini tərcüməsi, yarı məkana laqeyidlik) xəstəliyi var. Qeyd edilən beyin zədəsi xəstəliyindən əziyyət çəkənlər özlərini və ətraflarını yarı qəbul edə bilirlər. Məsələn, xəstə kişidirsə, üzünün yalnız yarısını qırxır, digər yarısını görmür. Restoranda ofisiant bir boşqab yemək gətirirsə, həmin xəstəliyin daşıyıcısı boşqada olan yeməyin yalnız yarısını yeyir və hətta yeməyin çox az olduğundan şikayətlənir. Daha konkret desək belələri ətraflarının və bədəninin yalnız əlli faizini hiss və dərk edirlər ...

Bu xəstəliyin təhlükəli tərəfi məsələnin fərdlərlə yekunlaşmadığındadır. Yəni, bu effektin təsiri altında olan şəxs kütlə üçün qərar vermə məqamındadırsa, lap tutaq ki, hansısa bir partiyanın, ictimai birliyin, təşkilatın, lap götürək şirkətin sahibdirsə verdiyi qərarın acı nəticələrinin sosial müstəviyə daşınması ilə təhlükəlidir. Və çox təəssüf ki, Daninq- Krüger effektinin ən çox yayıldğı sahə siyasətdir. Siyasi meydan bacarıqsız insaların, özünü tapa bilməyənlərin, yarımçıqların, natamamların özlərini belə effektlə göstərmələri üçün unikal imkandır. Eləcə də sosial media. Öz bacarıqsızlığının, istedadsızlığının fərqində olmayıb, böyük siyasi iddiada olanlar, özlərini hamıya dərs keçə biləcək, ağıl öyrədəcək gücdə təsəvvür edənlər məsuliyyət anında özlərinə, ətrafdakılara və cəmiyyətə böyük çətinliklər, problemlər yaşadırlar. Seçki prosesində hər cür insanla rastlaşdıq. Bəli, hər bir vətəndaşın seçmək-seçilmək hüququ var, bu təməl prinsipdir, razıyam. Amma bacarıqsız insanın seçici ilə görüşməkdənsə, seçici sevgisi qazanamqdansa, sivil mübarizə aparmaqdansa qarşı tərəfə şər atması, qara PR-la məşğul olması, saxta sorğu keçirib, özü haqda saxta fikir formalaşdırması, bir sözlə bütün yaramazlıqlardan, iyrəncliklərdən istifadə edərək rəqibi qaralaması qəbul olunan deyil. Seçki prosesini izlədikcə, yazılanları, yayılanları incələdikcə əmin olursan ki, bu tip insanlar hər dairədə var. Kimisi öz xəsətliyini bilir, kimisi bilmir. Bu yazını yazmaqda və dəyərli oxucuların vaxtını almaqda məqsədim sadəcə kiçik xatırlatma etmək idi. Nə qədər gec deyil, belə tanıdıqlarınız varsa həkimə, psixiatra göstərin. Fərdi qaydada dəlilik, cığallıq təhlükəli deyil, bunlar artıq kütlə ilə manipulyasiya edirlər.

Əlqərəz, mütəxəssislərin düşüncəsinə görə Daninq-Krüger effekti və ya sindromu əslində psixologiyada “üstünlük fəhmi” deyilən bir ruh halından qaynaqlanır. Təbii ki, hər kəs özünü orta dəyərdən yuxarı olduğunu düşünür. Lakin bu bir həddə qədərdi. Abır və həya deyilən mənəvi dəyər var. Amma qeyd edilən xəsətliyin simptomları açıq görünənlər başqa cür düşünürlər. Yaddan çıxarmayaq ki, dahi Şekspirin sözü ilə ifadə etsək, "Yalnız axmaqlar hər şeyi bildiklərini düşünür" deyir. Əbəs yerə deyil ki, dünyaca məşhur universitetlərdən birinin üzərində yüz illərdir bu ifadə yazılır: "özünüzü tanıyın"

Gedin özünüzü tanıyın, “sığortalanmamısınız”.


Teqlər:





Xəbər lenti