Komitə gender bərabərliyi üzrə təlimə başlayıb

Komitə gender bərabərliyi üzrə təlimə başlayıb
  30 Yanvar 2020    Oxunub:2921
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş 2 günlük təlim kursu başlayıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, təlim çərçivəsində təlimçilər gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, mövcud gender siyasəti, gender auditi, bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər müvafiq mövzularla bağlı təqdimatlarla çıxış ediblər. Təlimdə müxtəlif dövlət qurumlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edib.

Tədbiri Komitənin sədr müavini Sədaqət Qəhrəmanova açaraq Gender bərabərliyi ilə bağlı təlimlərin keçirilməsinin əsas məqsədinin kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılması olduğunu diqqətə çatdırdı. Sədr müavini Gender bərabərliyinin təmin olunması haqqında Qanunun qəbul edilməsinin qadınların da kişilərlə bərabər cəmiyyətə inteqrasiyasında oynadığı vacib roldan bəhs etdi. O, gender bərabərliyinin təmin olunması istiqamətində Komitənin hazırladığı “Gender bərabərliyi”, “Məişət Zorakılığı” və BMT-nin “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planlarının qəbul edilməsinin bu sahədə ölkə qanunvericiliyinin gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. S. Qəhrəmanova dövlət qurumlarının nümayəndələrinə təlimlərdə gender məsələlərinə diqqət edilməsi ilə bağlı tövsiyyələrə əsaslanaraq gələcəkdə qadınların kişilərlə bərabər təmsilçiliyinin təmin olunmasında ortaya çıxan maneələri təhlil edərək təkliflər irəli sürə biləcəklərini bildirdi.

Daha sonra söz BDU-nin Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyovaya verildi və təlim başlandı.

Təlimdə Gender bərabərliyinin əlifbası/ Gender bərabərliyinin əsas prinsip və araşdırma metodları, Gender bərabərliyi milli qanunvericilikdə, Beynəlxalq Konvensiyalar və əməkdaşlıq, Dövlət gender siyasətinin həyata keçirilməsi: mövcud vəziyyət və perspektivlər, “Gender bərabərliyi nədir? Mövcud Gender Siyasəti” mövzuları əhatə olundu.

Təlimin ikinci günü - yanvarın 31-i tarixində isə CEDAW Komitəsinin fəaliyyəti, Liderlik və qərar qəbuletmə, Gender auditi. Gender indikatorları və gender analizi, «Gender mainstreaming»- Genderin inteqrasiyası, Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə gender bərabərliyinin inteqrasiyası/Gender bərabərliyinin gündəlik fəaliyyətə necə inteqrasiya etmək olar? mövzuları üzrə təlim davam edəcək.

Təlimçilər Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və həmin şöbənin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Suleymanzadə, Qadın Problemləri və Gender Məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova, BDU-nin Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova və müəllimi Nigar Səfərovadır.

Azvision.az


Teqlər: Ailə   Qadın  





Xəbər lenti