Daha 2 Rusiya telekanalı “Azerspace-1”lə yayımlanacaq

   Daha 2 Rusiya telekanalı “Azerspace-1”lə yayımlanacaq
  30 Yanvar 2020    Oxunub:2237
“Azərkosmos” ASC Rusiya telekanalları ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, “Azərkosmos” yanvarın 28-30-da Moskvada keçirilən “CSTB 2020” sərgi-forumunda iştirak edib. “CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur keçirilir, sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.

Sərgi çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstan Respublikasının “Novıy Vek” (Телерадиокомпания Новый Век) teleradio şirkətinin “TNV Planet” (ТНВ Планета) kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.

Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir: “Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000, “TNV Planet” kanalının tezliyi: 11015/H/13000

“Azərkosmos”la qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq. Biz inanırıq ki, bu kanala azərbaycanlı izləyicilərin də marağı yüksək olacaq. Öz növbəmizdə bizə beynəlxalq televiziya yayımına çıxış imkanı yaratdığı üçün etibarlı tərəfdaşımız “Azərkosmos”a təşəkkür edirik və bu əməkdaşlığımızın uzunmüddətli olacağına əminik”, - deyə “VES-Media” şirkətinin distribüter meneceri Yuliya Averkina bildirib.

Həmçinin sərgi iştirakçılarına “Azərkosmos”un MDB regionu üzrə satış təmsilçisi tərəfindən şirkətin fəaliyyəti və “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında geniş məlumat verilib və təqdimat keçirilib.

Azvision.az


Teqlər: Rusiya   Telekanal  





Xəbər lenti