Xəstəxanalarda KİV-lə əlaqə üçün məsul şəxslər olacaq

 Xəstəxanalarda KİV-lə əlaqə üçün məsul şəxslər olacaq
  30 Yanvar 2020    Oxunub:2338
Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandıran məsul şəxslər olacaq.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Tibb müəssisələrinin informasiya sahibi olduğunu deyən şöbə müdiri qeyd edib ki, yaxın zamanlarda KİV nümayəndələri həmin şəxslərlə əlaqə saxlaya biləcəklər.

"Bir neçə KİV nümayəndəsi eyni hadisə ilə bağlı tibb müəssisəsinə müraciət edirsə, onlara eyni məlumat verilir. İnformasiya sahibi hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır. Hər hansı iş başlayanda müəyyən nüanslar var, gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz bunu artıq qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə, həmin şəxslərlə əlaqə saxlayacaqlar".

Şöbə müdiri qeyd edib ki, müəyyənləşdirilmiş xüsusi saatlarda KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə girişi təmin ediləcək: "Tibb müəssisəsi ştat rejimində işləyir və işi vətəndaşa xidmət etməkdir. Birinci priortet xəstədir. Onu qoyub informasiya verə bilməz. Jurnalistin suallarını cavablandıran məsul şəxs olmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti