Gözdən əlillər üçün seçki bülletenləri necə hazırlanır? - REPORTAJ (FOTOLAR)

Gözdən əlillər üçün seçki bülletenləri necə hazırlanır? -    REPORTAJ (FOTOLAR)
  30 Yanvar 2020    Oxunub:7004
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq.

Azvision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, hazırda bununla bağlı proses başlayıb.


Onun sözlərinə görə, gözdən əlil seçicilərin səs verməsi üçün bütün məntəqələrin seçki bülletenləri ilə təmin olunması nəzərdə tutulub: "Mərkəzi Seçki Komissiyası bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə müzakirələr aparır və ehtiyacı olan bütün məntəqələr lazım olan seçki bülletenləri ilə təmin ediləcək. Gözdən əlil seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.



Əlil seçicilərin səs verməsi üçün xüsusi bülletenlər Brayl nəşrləri İnformasiya Resurs Mərkəzi MMC-də hazırlanacaq.

Mərkəzin direktoru Mayis Muradov Azvision.az -a bildirib ki, ölkəmizdə gözdən əlillərin cəmiyyətə inteqrasiya olunması, onların səsvermə prosesində iştirak etməsi üçün lazımi tədbirlər həyata keçirilir.

M.Muradov vurğulayıb ki, gözdən əlil vətəndaşlar səsverməyə gələndə onlara bülletenlə bir yerdə xüsusi trafaret verilir.



"Trafaret bülletenlə bərabər olmalıdır. Gözdən əlil səsverməyə gələndə ona trafareti bülletenlə bərabər verirlər. Seçici səs verdikdən sonra trafareti təhvil verir. Hər məntəqə üçün iki trafaret nəzərdə tutulub. Brayl nəşrləri İnformasiya Resurs Mərkəzi gözdən əlillərin nəşriyyatıdır. Burada gözdən əlillər üçün brayl üsulu ilə kitabların və səsli kitabların hazırlanması həyata keçirlir. Bizdə bədii, elmi kütləvi nəşrlər də olur. Məqsəd gözdən əlillərin informasiyaya olan tələbatının ödənilməsidir. MMC-yə daxil olan sifarişlər əsasında brayl nəşrləri hazırlayırıq".



Direktor əlavə edib ki, 2003-cü ildən bu günə qədər gözdən əlillərin səsvermə hüququ təmin olunur.

"Parlament seçkilərində gözdən əlil seçicilərin rahat şəkildə səs verməsi üçün hər bir şərait yaradılacaq. Heç kim problemlə üzləşməyəcək. Biz seçki bülletenlərini hazırlayıb, MSK-ya təhvil verəcəyik. Hazırda bülletenlərin hazırlanması ilə məşğul oluruq. Bülletenləri bizim təcrübəli işçilərimiz hazırlayırlar. Bülletenlərin çapa verilməsi üçün Mərkəzdə müasir printerlər var. Biz bu avadanlıqlardan istifadə edərək büllütenlər hazırlayırıq. Ümumilikdə deyə bilərəm ki, hər bir vətəndaş kimi onlar da seçkidə öz hüquqlarından istifadə edə biləcəklər".



M.Muradov sınaq dərsliklərinin hazırlanması ilə bağlı Təhsil Nazirliyindən də sifariş aldıqlarını vurğulayıb.

"Qeyd edim ki, bizdə hələ SSRİ dönəmindən mətbəə, səsyazma studiyası olub. SSRİ dağılandan sonra bir qədər fasilə verdik. Bizim hazırki müəssisə 2008-ci ildə yaradılıb. Buna qədər müxtəlif donor təşkilatların layihələrini həyata keçirirdik. Əsasən audio kitabların hazırlanması istiqamətində çalışırdıq. 2005-ci ildən sonra brayl üsulu ilə kitabların çapına başladıq. Hazırda Təhsil Nazirliyinin sifarişini yerinə yetiririk. Belə ki, birinci siniflər üçün sınaq dərsliklərin çapına paralel olaraq MSK-nın sifarişini də icra edirik. Fəaliyyətimizdə heç bir problem yoxdur, işlərimiz qaydasında gedir".











Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Seçki   Əlil   Bülleten  





Xəbər lenti