Qarabağ icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

  29 Yanvar 2020    Oxunub : 1628
Qarabağ icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib.
İcmadan Azvision.az -a verilən məlumata görə, görüş zamanı Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib.

Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqlarmızın, mülkiyyət hüquqlarımızın bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.

Tural Gəncəliyev həmçinin ölkəmizdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürdüyünü, həmin dairədən olan digər namizədlərlə birlikdə Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər və ədalətli seçki kampaniyası apardıqlarını diqqətə çatdırıb.

Səfir Li Litzenberger Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini və görüşdən məmnun qaldığını xüsusilə qeyd edib.

Azvision.az

Teqlər: Qarabağ   ABŞ