AŞPA-da 20 Yanvar faciəsi ilə bağlı müzakirələr - FOTOLAR

  28 Yanvar 2020    Oxunub : 2564
 AŞPA-da 20 Yanvar faciəsi ilə bağlı müzakirələr - FOTOLAR
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində təşkilatın mənzil-qərargahında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans təşkil edilib.
Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən birgə təşkil edilən tədbirdə AŞPA-nın üzvləri, diplomatik korpusun, Avropa Şurası katibliyinin, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans “20 Yanvar” faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Qanlı Yanvar günlərini əks etdirən fotolar nümayiş etdirilib. Toplantıda çıxış edən Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas araşdırmaçı Şirin Melikoff, Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş “Qara Yanvar” faciəsi barədə fikirlərini bölüşüblər.



Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib. 20 Yanvar hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu qanlı faciəni törədənləri dərhal kəskin ittiham etdiyi və xalqımızın ən çətin günündə ona mənəvi dəstək olduğu vurğulanıb. Konfrans çərçivəsində eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qət etdiyi inkişaf və tərəqqi yolundan bəhs olunub və ölkəmizin əldə etdiyi nailiyyətlər xatırladılıb.

Konfrans zamanı təqdim olunan məruzə və məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.







Azvision.az

Teqlər: AŞPA   20-Yanvar   Faciə   Konfrans