Turizm subyektlərinin reytinq cədvəli hazırlanacaq

  27 Yanvar 2020    Oxunub : 1163
 Turizm subyektlərinin reytinq cədvəli hazırlanacaq
Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərarı şərh edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm reyestrinin aparılma Qaydası” zəruridir.

Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehitva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.

Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək, həmçinin, turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək.

İnteraktiv portalda turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək və modul əsasında turizm subyektlərinin təqdim etdiyi məlumatlar əlaqədar qurumların informasiya sistemləri ilə yoxlanılıb qiymətləndiriləcək, reytinq cədvəli hazırlanacaq, beləliklə onların daha yaxşı xidmət göstərməsi təşviq ediləcək.

Azvision.az

Teqlər: Turizm