Təhsil naziri: “Hər məktəb özü geyim formasını seçə bilər”

  Təhsil naziri:  “Hər məktəb özü geyim formasını seçə bilər”
  27 Yanvar 2020    Oxunub:2290
Vahid məktəbli formasının tətbiqi ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun geyim formasının müəyyən edilməsidir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində qeyd edilir ki, məktəb daxilində məktəbli geyimləri vahid olmalıdır.

"Ancaq bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Biz sırf qanunvericilik baxımdan yanaşsaq, belə çıxır ki, hər məktəb özü geyim forması müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən müəyyən gigiyena normalarına əməl edilməli, standartlar gözlənilməlidir. Reallıqda buna o qədər də ciddi əməl edilmir. Ona görə "Təhsil haqqında" qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələrini təsdiq edəcək və məktəblər bu nümunələr sırasından seçim edə bilərlər. Təsdiq edilmiş dövlət nümunələri 3-5 növ ola bilər. Orada bütün tələblər qeyd edilir. Bunlar da sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər".

Nazir qeyd edib ki, hər bir məktəb valideynlərlə birlikdə uyğun geyim formasını müəyyən edərək seçə bilər: "Məktəblər üçün təsdiq edilmiş geyim formaları arasından hansısa birinin istifadə edilməməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq. Məktəbli formaları həmin nümunələrdən biri ola bilər".

Qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığına gəldikdə, C.Bayramov deyib ki, hazırda aparılan ictimai müzakirənin məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir: "Mən tam əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəbli   Geyim  





Xəbər lenti