Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib

Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
  26 Yanvar 2020    Oxunub:2934
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib.
Azvision.az xəbər verir ki, tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxış edənlər Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş, qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan Azərbaycanın igid oğlu Həzi Aslanovun həyatı, döyüş yolu haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin qəhrəmanlığı tərənnüm edən musiqi proqramı, H.Aslanovun həyatı və hərbi fəaliyyətindən bəhs edən sənədli film və sərgilər nümayiş etdirilib.

Azvision.az



Teqlər: HəziAslanov  





Xəbər lenti