Azərbaycanın qar-su ehtiyatları azalır - Səbəb nədir?

 Azərbaycanın qar-su ehtiyatları azalır -   Səbəb nədir?
  24 Yanvar 2020    Oxunub:2910
"Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarda qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanıb və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə azdır.

"Bunu qonşu Türkiyə, Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir. Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü 2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az olub. 2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib (2019-cu ildə 1-36 faiz)".

U.Tağıyeva qeyd edib ki, hazırda çaylarda azsulu dövr müşahidə olunur: "Lənkaran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çayların sululuq keçən il ilə müqayisədə azdır. O cümlədən transsərhəd çaylarında xüsusən də Qanıx çayında sululuq keçən illə müqayisədə azdır. Yanvar ayının 1-ci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68 (2019-cu ildə 80 fazini), Araz çayının Qıvraq məntəqəsində sululuq normanın 81 (2019-cu ildə 85 fazini), Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41 faizinii (2019-cu ildə 97 fazini) təşkil edib".

ETSN rəsmisinin sözlərinə görə, Mingəçevir su anbarında suyun səviyyəsi 68,13 metr təşkil edir ki, bu da keçən illə müqayisədə 2,43 metr aşağıdır: "Anbarda səviyyənin xeyli aşağı olması anbarın doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son illərdə azsulu illərin müşahidə olunması ilə əlagədardır. Su ehtiyatlarının vəziyyəti narahat edən məsələlərdən biridir. Araşdırmalara əsasən, Azərbaycanda su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdir. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını alımaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti