Qeydiyyat və notariat baş idarəsində müşavirə keçirilib

Qeydiyyat və notariat baş idarəsində müşavirə keçirilib
  24 Yanvar 2020    Oxunub:3419
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Baş idarənin fəaliyyət istqamətləri üzrə çıxış edən baş idarə rəisi İlqar Məmmədov qeydiyyat əməliyyatları və notariat hərəkətləri üzrə artan statistik göstəriciləri səsləndirməklə bu sahədə tətbiq olunan yeniliklər, o cümlədən innovativ həllər barədə ətraflı məlumat verib. Bildirilib ki, hesabat dövründə qeyri-kommersiya qurumlarının qeydiyyatı 19,5%, uçota alınmış mətbu nəşrlərin sayı 17,9%, “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə yerləşdirilən məlumatların sayı 21,5% artıb.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlər nəticəsində təmin olunan davamlı iqtisadi inkişafın təzahürü kimi mülki dövriyyənin artması əmlak hüquqlarının həyata keçirilməsində yardımçı olan notariat xidmətlərinin genişləndirilməsinə də təsir edib. Belə ki, 2018-ci illə müqayisədə notariat hərəkətlərinin sayı 21,2% artıb.

Bununla yanaşı, iqtisadiyyatın kreditləşdirilməsində bankların rolunun artırılması üzrə ölkə başçısının 2019-cu ilin sentyabr ayında keçirdiyi iqtisadi müşavirədə verdiyi tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində görülmüş tədbirlər çərçivəsində 01.11.2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və bank nümayəndələrinin iştirakı ilə baş idarədə keçirilən müşavirədə bankların səsləndirdiyi təkliflərin nəzərə alınması və həyata keçirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verilib.

Qeyd edilib ki, müqavilə üzrə bankların kreditor hüquqlarının daha rahat şəkildə məhkəmədən kənar qaydada həyata keçirilməsini mümkün etmiş notariusun icra qeydinin avtomatlaşdırılması nəticəsində 10 000-dən artıq müraciətin elektron qaydada icraya yönəldilməsi təmin olunub.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsünə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə uyğun hesabat dövrü ərzində keçirilmiş yoxlamaların 14,2% azalmasının ölkəmizdə biznes və invesitisiya mühitinin davamlı yaxşılaşdırılmasında əhəmiyyəti xüsusi vurğulanıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Dünya Bankının hesabatında öz əksini tapan “əmlakın qeydiyyatı” indikatoru üzrə əmlak hüquqlarının qeydiyyatında operativliyin təmin edilməsinə xidmət edən bir sıra qanunverici və praktiki tədbirlər barədə də məlumat verilib.

Həmçinin 2019-cu ildə Şamaxı, Tovuz, Kürdəmir “ASAN xidmət” mərkəzlərində ədliyyə xidmətlərinin təşkili məqsədi ilə müvafiq kadrların seçilməsi və qurumların zəruri texniki kommunikasiya və informasiya resursları ilə təmin edilməsi barədə məlumat verilib. Notariusların fəaliyyətinin daha səmərəli şəkildə təşkili üçün yeni imkanların yaradılması, əhalinin məsafədən xidmətlərə tələbatını nəzərə alan notariat prosedurlarının müəyyən edilməsi, rəqəmsallaşma dövründə elektron notariatın geniş tətbiqinin hüquqi əsaslarını müəyyən edən, ölkə başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanuna edilmiş institusional dəyişikliklər Azərbaycan notariatının yeni inkişaf mərhələsi kimi qiymətləndirilib.

Məzh bu yeniliklərdən biri kimi notariusların peşə ixtisasının artırılması və notariat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan Notariat Palatasının təsis edilməsi ilə bağlı Ədliyyə Nazirliyində Təşkilat Komitəsi formalaşdırılmış və 2019-cu ilin 8 iyul tarixidə ədliyyə nazirinin müavini cənab Toğrul Musayevin iştirakı ilə Palatanın təsis yığıncağı keçirilib.

Baş idarənin sosial sahədə də həyata keçirdiyi tədbirlər barədə məlumat verilərək qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərində birdəfəlik ödəmələrin verilməsi, habelə aztəminatlı ailələrin müavinətlərlə operativ təmin edilməsi üzrə verilən vərəsəlik şəhadətnamələrinin və rəsmiləşdirilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən müraciətlərin sayı ümumilikdə 141 613 olub.

Sosial yönümlü tədbirlər sırasında həmçinin ailə institutunun qorunub saxlanılması və nikah pozulmalarına qarşı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyat şöbərində təşkil edilmiş psixoloq xidmətlərinin əhəmiyyəti də səsləndirilib. Belə ki, bu xidmətdən yararlanan şəxslərin 36%-i nikahın pozulması fikrindən daşınıb. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin FİN-lə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olub.

Bununla yanaşı, nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq “Dayanıqlı İnkişaf Məqsədləri”ndə öz əksini tapmış doğumun qeydiyyatının tam təmin edilməsi hədəfinə nail olunması üçün 3 min yarıma qədər doğum səyyar qaydada bilavasitə doğum evlərində aparılmış, habelə uzaq bölgələrdə yaşayan uşaqların doğumunun qeydiyyatına kömək göstərilib.

Ədliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədini daşıyan Heydər Əliyev adına hava limanında quraşdırılmış və məsafədən fasiləsiz xidmət göstərən elektron ədliyyə köşkünün, mobil cihazlar üçün yaradılmış “Mobil notariat” proqramı, bu proqram çərçivəsində tətbiq olunan mobil notariat qovluğu və ədliyyə işçilərinin peşə bayramı günündə əhalinin istifadəsinə verilmiş mobil etibarnamə xidmətlərinin vətəndaş məmnunluğunun təmin edilməsində əhəmiyyəti vurğulanıb. Həmçinin notariat ofislərinə gələ bilməyən şəxslərə iş və ya yaşayış yerini tərk etmədən notariat xidmətlərindən yararlanması məqsədilə müasir avadanlıqla təchiz olunmuş və “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan xüsusi səyyar çantaların notariusların istifadəsinə verilməsi barədə də məlumat verilib.

Bildirilib ki, baş idarənin təşkil etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyonu, mobil tətbiqi telefonlarına yükləmiş istifadəçilərin sayı isə 30000-i ötüb. Təsadüfi deyil ki, xidmət sahəsində tətbiq olunan innovativ həllərin öyrənilməsi məqsədi ilə Bakıda keçirilən beynəlxalq seminarlar artıq bir ənənəyə çevrilib. Əhalinin hüquqi maarifləndirilməsi fəaliyyəti baş idarənin işində mühüm əhəmiyyət kəsb etmişdir. Bu sahədə baş idarənin və yerli qurumların əməkdaşları tərəfindən müxtəlif istiqamətləri əhatə edən ümumilikdə 1200-ə yaxın təbliğat və maarifləndirmə tədbirləri görülüb.

Bununla yanaşı, 2019-cu ildə qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilən müəyyən tədbirlər də qeyd edilib. Belə ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının və Ədliyyə Nazirliyinin İş Planının icrası məqsədi ilə baş idarə tərəfindən hazırlanmış layihələr əsasında 9 normativ hüquqi aktda dəyişikliklər edilib, 2 normativ hüquqi akt Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib, daha 18 normativ hüquqi akta dəyişikliklərə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Eyni zamanda, yerli qeydiyyat və notariat orqanları işçilərinin peşə ixtisasının artırılması məqsədi ilə il ərzində müxtəlif mövzularda təlimlər keçirilib, yardımçı vəzifələrdə çalışan əməkdaşların təlim üzrə qiymətləndirilməsi aparılıb. Bu tədbirin cari ildə də davam etdirilməsi nəzərdə tutulur. Tədbirin sonunda qarşıda duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşılması, icra intizamına dönmədən əməl edilməsi, habelə işin daha səmərəli təşkili üçün təşəbbüs səylərinin artırılmasına dair tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti