Komitə yeni könüllülərin qeydiyyatına başlayıb

Komitə yeni könüllülərin qeydiyyatına başlayıb
  24 Yanvar 2020    Oxunub:3337
Diasporla İş üzrə Dövlət Komitəsi “Könüllülər ili” çərçivəsində “Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün yeni könüllülərin qeydiyyatına başlayıb.
Azvision.az xəbər verir ki, proqramın daha zəngin və genişmiqyaslı olması ilə əlaqədar Dövlət Komitəsində tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyaların keçirilməsi planlaşdırılır. Tədbirlərin təşkilində komitə əməkdaşları ilə yanaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq 2019-cu ilin mart ayından etibarən “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, ötən ilin aprel ayının 24-də Nizami Kino Mərkəzində könüllü olmaq istəyən gənclərlə komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

Proqram çərçivəsində könüllülərin Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlılarla görüşləri, breyn-rinq intellektual yarışı, Norveç Krallığı, Kanada, Yunanıstan, Almaniya, Amerika, Polşa, Türkiyə, Şimali Kipr Türk Respublikası və s. xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə video-konfransları təşkil edilib.

Bütün bunlarla yanaşı, “Azərbaycan Diaspor Könüllüləri” ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual turnirdə Dövlət Komitəsini təmsil edib.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Diaspor Könüllüləri” həm sosial şəbəkələrdə müxtəlif sosial aksiyalar təşkil edib, həm də Bakı şəhərinin mərkəzində uşaqlara və xarici qonaqlara üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edib. Bunlardan başqa “Azərbaycan Diaspor Könüllüləri”nin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevlə görüşü keçirilib. Proqram iştirakçıları Cocuq Mərcanlıya səfər edib və Qarabağımızın bir parçası olan Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar.

Qeyd edək ki, həyata keçirilən bütün tədbirlər haqqında məlumatlar həm Dövlət Komitəsinin rəsmi internet saytında (diaspor.gov.az) Azərbaycan Diaspor Könüllüləri üçün xüsusi bölmədə yerləşdirilib, həm də sosial şəbəkələrdə geniş yayılıb.

Azvision.az


Teqlər: Komit   Könüllü   Qeydiyyat  





Xəbər lenti