Rayona köçən Xalq artisti: “Bakı üçün qəti darıxmıram”

  24 Yanvar 2020    Oxunub : 2708
Rayona köçən Xalq artisti: “Bakı üçün qəti darıxmıram”
“Gözləyirəm ki, əzrayıl nə vaxt gəlib canımı alacaq”

Azvision.az-ın müsahibi Xalq artisti Tariyel Qasımovdur. Bakını tərk edərək Ağstafada yaşayan tanınmış aktyor söhbət zamanı Gənc Tamaşaçılar Teatrından uzaqlaşmasından, yeni rəhbərliyin ona münasibətindən və çoxlarının üz döndərdiyi rayon həyatından danışıb.
- Bakı üçün darıxmırsınız? Səs-küylü şəhərdən sakit rayona köçmüsünüz. Maraqlıdır, orada vəziyyət necədir və sizi rayona getməyə nə vadar etdi?

- Bakı üçün qəti darıxmıram. Çünki 17 yaşımdan Bakıda yaşamışam. Artıq doymuşam. Orada dostlar çoxdur. Hamısı da hər gün qonaqlığa, yeyib içməyə dəvət edirlər. Biz də yeyib içib “alkoqolik” oluruq.(gülür) Odur ki, qaçıb Ağstafaya gəlmişəm. Heç kimnən işim yoxdur. Burada gözəl hava, gözəl təbiət mənə zövq verir. İnsanlar da sadə və səmimidirlər. Bundan gözəl nə ola bilər ki?!

- Ağstafada nə işlə məşğul olursunuz? Gününüz necə keçir?

- Bizdə Yazıçılar Birliyi var. Burada çox adamın tanımadığı, amma çox istedadlı şairlərimiz var. Onlarla şeirlər deyirik, yazırıq, danışırıq. Sonra da qoca kişilər kimi nərd oynayıb, günümüzü keçirdirik.

- Gənc Tamaşaçılar Teatrına baş çəkirsinizmi?

- Bakıya gələndə gedib qrim otağıma salam verib, çıxıb gedirəm.



- Yeni ildə tamaşalar yoxdur?

- Hələlik yoxdur, oynadığım tamaşaları repertuardan çıxardıblar. Rejissorlara tapşırıblar ki, Tariyelə rol verməyin. Məşqə gəlsə, tamaşada oynasa, pul verilməlidir. Yeni direktor Naidə İsmayılzadə gələn kimi bizi işdən çıxardı ki, müqavilə ilə işləməliyik. Ancaq müqavilədə pul ödənilməlidir, bu da ona sərf etmir. Guya biz qocalmışıq, əlimiz əsir, huşumuzu itirmişik, belimiz bükülüb. Heç bir teatrda belə məsələ olmayıb. Gənc Tamaşaçılar yeganə teatrdır ki, aktyorları işdən çıxarırlar. Direktorumuz mənə dedi ki, sənin 80 yaşın var, teatrdan getməlisən.

- Tamaşalardan kənarda qalmaq ürəyinizi sıxmır ki?

- Darıxdığım üçün nərd oynayıram. Qocalığımı keçirdirəm. Gözləyirəm ki, nə vaxt əzrayıl gəlib canımı alacaq.

- Ağstafaya ailəliklə köçmüsünüz?

- Qarımı hələ boşamamışam. Mənim kimi oğlanı tək buraxarmı?! Bakıya ayın sonu çəkildiyim kino ilə bağlı mətbuat konfransına gələcəyəm. Amma Ağstafa mən üçün daha rahatdır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Aktyor   TariyelQasımov