Müyəssərliyin turizmə təsiri

  22 Yanvar 2020    Oxunub : 965
Müyəssərliyin turizmə təsiri
Azərbaycanda qeyri-neft sənayesi iqtisadi inkişaf strategiyasının əsas hədəflərindəndir. Ölkədə kənd təsərrüfatı və turizmin inkişafına yönəlik tədbirlər qeyri-neft sektorunun əsas hədəflərindən biridir.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-ndə qeyd olunur ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək.

Turizm ölkə iqtisadiyyatının inkişafına töhfə verən əsas sektorlardan biridir.

Bəs turizmdə hərtərəfli inkişafı təmin etmək üçün nələrə fokuslanmaq lazımdır?

Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünya əhalisinin 15%- ni, təxminən bir milyardını əlilliyi olan şəxslər təşkil edir. Azərbaycan BMT-nin “Əlilliyi olan Şəxslərin Hüquqları” haqqında Konvensiyasına qoşulan 77 ölkədən biridir. Bu, o deməkdir ki, əlilliyi olan şəxslərin müyəssərliyinin təmin olunması üçün ölkədə uyğun işlər görülməli, ictimai nəqliyyatda, dövlət qurumlarında, turizmdə və başqa bütün sahələrdə əlilliyi olan insanlar üçün müyəssərlik təmin olunmalı, bərabərlik qorunmalıdır.

Bu bərabərlik istənilən sahədə özünü göstərməlidir. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində qeyd olunduğu kimi dayanıqlı inkişafa nail olmaq üçün, 3 təməl element bir-biri ilə uzlaşmalıdır: iqtisadi artım, inkluziv cəmiyyət və ətraf mühitin mühafizəsi.

Ölkədə turizmin inkişafı üçün müəyyən addımlar atılmasına baxmayaraq, əlil insanlar üçün turizmin müyəssərliyi nəzərə alınmır. Əlil insanların da digər insanlar kimi bərabər şəkildə turizm fəaliyyətlərinə qoşulmaq haqqları olmalarına baxmayaraq, turizm fəaliyyətləri birbaşa əlil olmayan insanlar üçün formalaşmış vəziyyətdədir.

Hərkəsin istirahət etmək hüququ olduğu halda, əlil insanların istirahəti, otellərdə gecələməsi, restoranlarda, muzeylərdə, tarixi məkanlarda və s. yerlərdə vaxt keçirməsi üçün uyğun şərait yoxdur. Bu şəraitlərin hamıya müyəssər olması üçün şəhərlərdə və turistik bölgələrdə uyğun infrastruktur yaradılmalıdır, belə ki, metrolarda, ictimai nəqliyyatlarda, yeraltı keçidlərdə əlil insanların vəziyyəti nəzərə alınmalıdır. Bununla bağlı fərqli işlər görülməsinə baxmayaraq hələ də müsbət dəyişiklik əldə etmək mümkün olmayıb.

Müyəssər turizm nədir?

Əlçatan (müyəssər) turizm bütün insanlara turizm təcrübəsində iştirak etmək və zövq almaq imkanı verir . Məsələn, yaşlı və daha az mobil insanların səyahət ehtiyacları var, bu da səyahət edərkən və ya gəzərkən böyük bir maneə ola bilər. Əksər dünya ölkələrində şəhərlər əlil insanlara uyğun deyil, lakin 2050-ci ilə kimi bu problemlərin tamamilə həll olunması planlaşdırılır.

Azərbaycanda da uyğun infrastruktur yaradılarsa, bu həm turizmin inkşafına, həm də iqtisadiyyatın inkişafına öz töhvəsini verər.

İlkin Əliyev
Azvision.az

Teqlər: Turizm