Seçki komissiyaları üçün treninqlərə başlanılıb

  23 Yanvar 2020    Oxunub : 1378
Seçki komissiyaları üçün treninqlərə başlanılıb
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb.
Azvision.az xəbər verir ki, layihə ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, Milli Məclisə seçkilərdə iki mərhələdən ibarət treninq layihəsi hazırlanıb:

“Bu gündən başlayaraq dörd gün ard-arda keçiriləcək “Trenerlər üçün treninq” adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər”.

MSK sədrinin müavini qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 18 il öncə - 2002-ci ildə qoyulub: “Seçkidən-seçkiyə təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilən treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynayır. Treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna halları əyani şəkildə səhnələşdirilməklə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək ortaya çıxan suallar cavablandırılır”.

R. Qasımov deyib ki, layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə - fevralın 2-dək davam edəcək: “Treninqlərin keyfiyyətini artırmaq və səmərəliliyini daha da yüksəltmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Treninqlər zamanı bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunacaq. Seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb edən treninq layihəsi, ümumilidə 32000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir”.

MSK sədrinin müavinin sözlərinə görə, bu treninqlərin özünəməxsusluğu odur ki, treninqlərin gedişində seçki günü prosesləri əhatə olunur və praktiki məşğələlərə geniş yer verilir: “Qanunvericiliyə əsasən ortaya çıxan bir sıra müstəsna hallarla bağlı bir sıra addımlar atılır. Digər tərəfdən treninqlər kiçik qruplar şəklində olan məntəqə seçki komissiyası üzvlərinə yönəlib. Biz çalışırıq ki, hər bir qrupda 35-36 məntəqə seçki komissiyası üzvü olsun. Bununla da kiçik qrupların daha interaktiv şəkildə proseslərə qoşulması və praktiki məşğələlər zamanı onların hamısının iştirakı təmin olunsun”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: SMK