“Münaqişənin həlli üçün xüsusi hərəkət görə bilmirik” - Hikmət Hacıyev

 “Münaqişənin həlli üçün xüsusi hərəkət görə bilmirik” -  Hikmət Hacıyev
  22 Yanvar 2020    Oxunub:2986
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiyməndiririk.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın "Euroactive" xəbər portalına müsahibəsində deyib.

H.Hacıyev vurğulayıb ki, bu mövqe Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində bir daha öz təsdiqini tapıb. Həmçinin, bu siyasətin Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti sənədinin yerinə yetirilməsinə dair Avropa Parlamentinin qətnaməsində davam etdirildiyini görürük.

“Bu, Avropa İttifaqının bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı öhdəlik xarakterli bir sənəddir. Bizim üçün bu, olduqca vacibdir və biz bu mövqeyi qiymətləndiririk. Həmçinin, düşünürük ki, Helsinki Yekun Aktı və beynəlxalq hüquqdan irəli gələn fundamental prinsiplər heç bir ayrı-seçkiliyə yol vermədən, bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün münaqişələrə münasibətdə tətbiq edilməlidir. Biz bu siyasətin davam etdirilməsini və ATƏT, BMT və bəzi digər platformalarda Aİ-nin mövqeyi kimi əks etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacib şərtdir".

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair sualı cavablandıran PA rəsmisi vurğulayıb: “Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, Ermənistan tərəfindən qeyri-məhsuldar, destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi.

Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir, ATƏT-in Minsk Qrupunun həmsədrləri isə vasitəçilərdir.
Erməni tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağını” dedi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” söylədi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır və tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!".

Daha sonra Şərq Tərəfdaşlığı proqramından danışan H.Hacıyev deyib ki, Azərbaycan bu platformada iştirak edir:

"Hazırda Şərq Tərəfdaşlığının bundan sonrakı inkişafı ilə bağlı danışıqlar və müzakirələr gedir. Lakin bizim üçün bu prosesin bütün tərəfdaşları əhatə etməsi və inklüzivlik olduqca vacibdir. Həmçinin, Şərq Tərəfdaşlığı elə tərtib olunmalıdır ki, tərəfdaş ölkələrin tələb və ehtiyaclarını ödəsin və həmin ölkəyə uyğun olsun. Azərbaycan Şərq Tərəfdaşlığını ümumi çərçivə kimi görür. Biz Şərq Tərəfdaşlığı çərçivəsində hər hansı bir donor dəstəyi və ya maliyyə yardımı axtarışında deyilik. Bizim bu geniş formatdan istifadə etməkdə məqsədimiz Avropa İttifaqı ilə əməkdaşlığımızı daha da genişləndirməkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti