Səhiyyə Nazirliyi Çinə gedənlərə xəbərdarlıq etdi

 Səhiyyə Nazirliyi Çinə gedənlərə xəbərdarlıq etdi
  16 Yanvar 2020    Oxunub:3168
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyi Çində yeni koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair tövsiyə verib.

Səhiyyə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, ötən il dekabrın 31-də Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub.
9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

Azvision.az


Teqlər: Səhiyyə   Nazirlik  





Xəbər lenti