MDB PA-nın müşahidəçiləri monitorinqlərə başladı
Mərkəzi Seçki Komissiyasında görüş zamanı Məzahir Pənahov MDB PA nümayəndələrini Milli Məclis deputatlığına namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində Komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar.
MDB PA nümayəndələri öz növbələrində 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, 17 yanvar 2020-ci il tarixdə start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadə edilməsində artan fəallıq barədə fikir mübadiləsi aparıblar.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə növbədənkənar seçkilərlə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki Parlamentində yüksək təmsilçilik səviyyəsinə malik olan partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.
Görüşlərin nəticələrinə görə MDB PA DİMBİ Bakı filialında işçi müşavirə keçirilmiş, müşavirə gedişində uzunmüddətli monitorinq mərhələsində DİMBİ Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərləri və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.
Azvision.az
Teqlər: MDB