Baytarlar epizootik tədbirlərə başlayıblar

Baytarlar epizootik tədbirlərə başlayıblar
  10 Yanvar 2020    Oxunub:2769
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına başlayıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, bununla əlaqədar Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri bölgələrə ezam olunublar.

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi profilaktik vasitələr, ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına tətbiq olunur.

Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib ki, heyvanların baş sayına uyğun baytarlıq preparatlarının sahə baytarlıq məntəqələri arasında bölgüsü vaxtlı-vaxtında aparılmalı, yerlərdə vaksinlərin tətbiqinə ciddi nəzarət edilməli, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarda qeydiyyat və icra aktı tərtib olunmalıdır. Eləcə də üzərində “Satıla bilməz” sözləri yazılmış baytarlıq preparatlarının özəl baytarlıq aptekində satılmasının yolverilməzliyi və inzibati məsuliyyətə gətirib çıxarması rayon (şəhər) baytarlıq idarələrinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə yağlı məhlullarda hazırlanmış vaksinlərdən istifadə ediləcək. Bu vaksinlərin yağ məhlullarında təsiredici maddələri öz keyfiyyətini uzun müddət saxlamaqla, heyvanda daha yaxşı immunitet yaradır.

Aqrar Xidmətlər Agentliyi əhaliyə və təsərrüfat sahiblərinə heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparmamağı, heyvanları baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlamağı, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etmələrini, bütün tədbirlərin baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilməsini tövsiyə edir.

Azvision.az



Teqlər: Baytar  





Xəbər lenti