AXCP-nin keçmiş funksioneri: “Əli Kərimli siyasi dələduzdur”

AXCP-nin keçmiş funksioneri:  “Əli Kərimli siyasi dələduzdur”
  10 Yanvar 2020    Oxunub:4471
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən prosesə Əli Kərimlinin etibarnamə üzrə nümayəndəsi vəkil Fəxrəddin Mehdiyev də qatılıb.

İddiaçı Aydın Əliyev ifadəsində bildirib ki, Əli Kərimli onun AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına sədr seçilməsinə mane olmaq istəyib: “1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərirəm. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. 30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Mən Nurəddin Məmmədliyə, Gözəl Bayramlıya, Saqif Qurbanova və partiyanın digər üzvlərinə müraciət etmişəm. Heç biri mənə Əli Kərimlinin qorxusundan cavab verməyib”.

A.Əliyev əlavə edib ki, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib”.

Daha sonra iddiaçı A.Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının protokoluna etiraz olaraq söyləyib ki, onun haqqında çıxarılan qərar qeyri-qanunidir:

“Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma partiyanın ümumi yığıcağında iştirakçı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Ona görə də mənim haqqımda qərar qəbul etmələri qanunsuzdur”.

Qeyd edək ki, iş üzrə növbəti məhkəmə prosesi 21 yanvar 15:00-a təyin edilib.

Azvision.az


Teqlər: AXCP   Əli-Kərimli   Məhkəmə  





Xəbər lenti