“Mən illərdir qaçıram, o da ardımca gəlir” - Xalq artisti

 “Mən illərdir qaçıram, o da ardımca gəlir” -  Xalq artisti
  10 Yanvar 2020    Oxunub:9000
“Məni heç nə ilə təəccübləndirmək olmaz”

Bu gün Azərbaycanın Xalq artisti İlham Namiq Kamalın ad günüdür. 71 yaşını qeyd edən tanınmış aktyor doğum günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Sizə ənənəvi sual vermək istərdim. Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, doğrudurmu?

- Yaş məsələsində mən qaçıram, o da ardımca gəlir. Mən nə qədər qaçıram, əl çəkmir. Bu qaçdı-tutdu neçə illərdir ki, davam edir. Məzəli görünsə də, nə o məni tuta bilir, nə də mən onu dəf edə bilirəm.

- Fikirləriniz maraqlıdır. Bəs, 71-dən geriye boylansanız, ən çox hansı illərin xiffətini çəkərsiniz?

- İnsan üçün hər bir il xoşdur. Mən illər arasında doğmalıq, ögeylik edə bilmərəm. İnsan yaşayırsa, keçən illər onun üçün əziz olmalıdır. Bax, donuz ili haqqında xoş söz dedik. Siçan ili haqqında da belə olacaq. Ümumiyyətlə, kiminsə qəlbinə dəymək pis əməldir.

- Bu gün aynaya baxdınız, özünüzə nə dediniz? Hansı dəyişikliyi hiss etdiniz?

- Dedim ki, özüməm. Özümü tanıdım. Neçə illərdir ki, bunu deyirəm: İlham Əhmədov, Namiq Kamalın oğlu, Şamaxının Sarıtorpaq məhəlləsində doğulmuş adamam. Bunu yaddan çıxara bilmirəm.

- Maraqlıdır, hansı obrazınızın siz təbrik etməsni istərdiniz?

- Onlar yox, mən obrazlarımı təbrik etmək istərdim ki, mənim taleyimdə böyük rol oynayıblar.

- Bu gün nə desələr və ya nə hədiyyə etsələr ürəyinizə yağ kimi yayılar?

- Məni heç nə ilə təəccübləndirmək olmaz. Ancaq xoş münasibətə heyrətlənərəm. Hədiyyə mənim üçün ikinci dərəcəlidir.

- Nəvələriniz sizi necə təbrik etdilər?

- 4 övladım, 3 nəvəm var. Xoş söz dedilər. Evdə süfrə açıblar. Televiziyalardan birində mənim haqqımda gedən verilişi izləyirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   Xalq-artisti  





Xəbər lenti