Yaşasaydı 35 yaşı olacaqdı: Pilot Atakişiyevin ad günüdür - FOTOLAR

  Yaşasaydı 35 yaşı olacaqdı:  Pilot Atakişiyevin ad günüdür -  FOTOLAR
  07 Yanvar 2020    Oxunub:26005
Bu gün Azərbaycanın mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. İlk təhsilini Şəmkirin Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində alıb. Daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində təhsilini davam etdirib.

R.Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq edilib və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.



Atakişiyev daha sonra pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn R.Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. O, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində də iştirak edib.

Qeyd edək ki, 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində pilot, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu həlak olub. Onun nəşi ötən ilin avqustun 20-də tapılaraq dənizdən çıxarılıb. Avqustun 21-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçirilib və mərhum II Fəxri Xiyabanda dəfn olunub.



R.Atakişiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib. Medal dekabrın 28-də Yeni il bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim olunub.

Pilotun iki oğul övladı yadigar qalıb.



















Azvision.az


Teqlər: Şəhid   Pilot   Rəşad-Atakişiyev  





Xəbər lenti