“Qızı maşınla vurub, sonra yandırıblar” - 10 yaşlı Nərminin əmisi

  “Qızı maşınla vurub, sonra yandırıblar” -    10 yaşlı Nərminin əmisi
  07 Yanvar 2020    Oxunub:162713
“Biz Nərmini yolda maşın vurmasından şübhələnirik. Zorlanma ilə bağlı iddialar dəqiq deyil, buna inanmırıq”.

Bunu Azvision.az -a açıqlamasında Tovuz rayonunda yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın əmisi Arif Quliyev deyib. Onun sözlərinə görə, Nərminin ailəsi hesab edir ki, qızlarını maşın vuraraq öldürüb, sonra izi itirmək üçün onu yandırıblar.
“Qardaşımın kiminləsə düşmənçiliyi yoxdur. Fəhlə adamdır. Heç kimə pislik etməyib ki, ondan qisas alsınlar. Biz hamımız problemsiz adamlarıq. Hadisə günü Nərmin babasıgilə gedib, gödəkçəni götürüb evdən çıxıb. Düşünürük ki, yolda onu maşın vurub. Uşağın zorlanması ilə bağlı söz-söhbət gəzir. Bu, dəqiq deyil. Ekspertizadan çıxmamış heç nə deyə bilmərik. Nərmin evin ortancıl uşağı idi. Onun ölümü ailəmiz üçün böyük faciədir”, - deyə A.Quliyev vurğulayıb.



Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlıq üçün gedib. Babası ondan evə gedib, gödəkcəsini gətirməsini istəyib. Bundan sonra qızdan heç bir xəbər alınmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tovuz   Nərmin   Qız  





Xəbər lenti